Fakt budur ki, erməni hakimiyyətinin rəhbər dairələri Rusiyanın qarşısında bütün imkanlarından istifadə etməklə qərbyönümlü siyasətə doğru can atdıqlarını sərgiləməyə başlayıblar. Başgicəlləndirici saltoları ilə özlərini havada hiss edən həmin dairələr zaman-zaman elə Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun dediyi kimi, təxribatçı fikirlərə də yol açırlar. Misal üçün, Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Rusiyanın onun ölkəsini Rusiya-Belarus ittifaqına qoşması marağı ilə bağlı Kremlin İrəvana təzyiqlər göstərməsi, yaxud Rusiyanın Ermənistan üzərindən Zəngəzur dəhlizini açması ilə bağlı tələblərini sərtləşdirməsi, baş nazir Nikol Paşinyanın Vladimir Putinlə görüşü zamanı Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları kontingentinin öz işinin üzərinə ciddi düşməməsi, guya Laçın yolunun 20 gündür ki, bağlı olduğuna irad bildirməsi və s...
Əslində, Ermənistanın siyasi rəhbərliyi Qərbə sırınmaq üçün təxminən belə bir ifadə ilə çıxış edirlər. Yəni həmin ifadə demək olar ki, belədir: “Ey Qərb, baxın və görün ki, biz nə qədər məzlum və əzabkeşik, amma buna baxmayaraq həm də nə qədər mübariz millətik ki, diktatorlara qarşı təkbaşına savaş aparırıq. Onlar (yəni Rusiya və Belarus) bizi öz ittifaqlarına zorla daxil etməyə çalışırlar, ancaq biz müqavimət göstəririk. Onlar ermənilərə düşmən olan Türkiyə-Rusiya layihəsini realizə etməyə cəhd göstərirlər, biz isə bütün gücümüzü səfərbər etməklə müqavimətimizi davam etdirməkdəyik.
Ey Qərb, bizə kömək edin, yardım göstərin, pul verin, çoxlu-çoxlu missiyalar göndərin və bizə şərait, imkan yaradın ki, belə bir dəhşətli, xalqımızı növbəti genosidlərə doğru aparan vəziyyətdən çıxmağı bacaraq. Axı ermənilər ən qədim millət və birinci xristianlardırlar. İmkan verməyin ki, sivilizasiyanın ilk bəşər övladları onlara qarşı yönəlmiş siyasət burulğanında məhvə düçar olsunlar..!”
Bax, təxminən belədir mövcud erməni yanaşması. Təbii ki, Qərbin, xüsusilə ABŞ-ın və Fransanın qapılarında daban döyən erməni siyasətçiləri aldıqları sifarişlərini məhz ermənilərə xas olan “istedadla” icra etməkdədirlər.
İndi isə keçək mətləbin real tərəflərinə. Sual yaranır: yaxşı, əgər Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana təzyiqlər göstərirsə və üçtərəfli bəyanatda tələb edilən bəndlərə rəğmən, Ermənistan öz tərəfində dəmir yolunun açılması üçün bir dənədə də olsun mismar vurmayıbsa, həmin faktı necə təzyiq kimi adlandırmaq olar? Yaxud, təzyiq olsaydı, indi situasiya tamamilə başqa cür cərəyan edərdi və bunu da hər kəs çox yaxşı bilir...
Amma bunu da qoyuruq bir tərəfə. Məhz Ermənistanın hay-haray salıb Qərbdən imdad diləməsinin ardınca Qərbdəki havadarlarının gözləri qarşısında belə bir mənzərə yaranır ki, sən demə yazıq və məzlum ermənilər Rusiyanın qamçı zərbələri və Türkiyə ilə Azərbaycanın təzyiqləri altında dörd tərəfdən “əzilir” (?!)
Ancaq onu da etiraf edək ki, hər halda Vaşinqtonda, Brüsseldə və s. siyasi mərkəzlərdə elə də ağılsız adamlar oturmayıblar və onlar da reallıqda ermənilərin hay-küylərinin nəyə hesablandığını yaxşı bilirlər. Yaxud, Armen Qriqoryanın fikirlərini ciddiyə almırlar. Fəqət, daha bir etirafı da edək ki, yenə də Vaşinqtonda və Brüsseldə ermənilərə “dəstək qrupları”, “yaxud ictimai fikirlər” mövcuddur.
Təbii ki, belə bir şəraitdə biz müxtəlif kanallarda və analitik mərkəzlərdə olmayan, yaşanmayan bir olayın “olan”, “yaşanan” kimi göstərilməsinin şahidlərinə çevriləcəyik. Məsələn, bir də görəcəyik ki, hansısa siyasi analitik mərkəz balaca və “müqavimət” göstərən “azad Ermənistanın” ayaqda qalması üçün “şər qüvvələrə” qarşı “qəhrəmanlıq mücadiləsi” haqqında nağıllar danışacaq, həmin nağılları tirajlayacaq və s...
Amma həqiqət naminə etiraf edək ki, belə mərkəzlərin yadlarına düşməyəcək ki, məhz Rusiya zamanında Ermənistana təmənnasız və çoxmilyardlı hərbi dəstəklər, yardımlar göstərib, rus qazı 30 il Ermənistanı qızdırıb, Rusiyada yüz minlərlə erməni özünə iş taparaq varlanıb və s... Bunları yada salan olmayacaq. Lakin bu da bizim marağımızda deyil. Bizim marağımızda olan Qarabağdır, Zəngəzurdur və bundan sonra Ermənistan nə qədər özünü məzlum və əzabkeş göstərməyə cəhdlər edəcəksə belə Azərbaycan öz qətiyyətli və haqlı tələblərindən əsla geri dönməyəcək. Prezidentimizin də dediyi kimi, kimlərsə zənglər edə bilərlər və həmin zənglər yalnız (!) nəzakət xətrinə cavablandırıla bilər...
P.S. Gec olar, güc olar deyiblər. Gec də olsa Rusiya artıq neçənci dəfədir ki, ermənilərin xainliklərinin aşkar şahidinə çevrilir və bundan da gec olsa yenə də Rusiya itirəcək. Azərbaycan isə öz məqsədini gerçəkləşdirməsinə doğru inamla getməkdədir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB