“Azərqaz”-a inamsızlıq nədən qaynaqlanır? KÖŞƏ

Qışda Bakıda və rayonlarda havanın qarlı-şaxtalı və ya mülayim keçməsindən asılı olmayaraq elektrik enerjisi, su və təbii qaz təsərrüfat infrastrukturunda vəziyyət heç də ürəkaçan səviyyədə olmur. Yəni, payızda göydən yağış, qışda qar yağdısa, kommunal sahədə ağır, üzücü problemlər, çatışmazlıqlar insanlar üçün əsl böhranlı vəziyyət yaradır. Bu da aidiyyatı qurumların payız-qış mövsümünə hazırlıq işlərini lazımi səviyyədə aparmadıqlarını göstərir. Kimdir günahkar? Təbii ki, istənilən məqamda kimisə hədəf almaq və günahlandırmaq olar. Ancaq məqsəd yalnız, kimisə günahlandırmaq olmamalıdır, problemin aradan qaldırması üçün iş görülməlidir. Çünki yarana biləcək işıq, qaz, su probleminə görə, insanlar əziyyət çəkirlər, özü də bu əziyyəti daha çox aztəminatlı ailələr çəkirlər. Ona görə ki, az təminatlı ailələrin gedə biləcəkləri əlavə yaşayış yeri olmur. Varlı və imkanlı şəxslər üçün isə fərq etmir, şəhərin bu başında qaz, su, işıq yoxdur, o başınadakı evlərinə köçəcəklər. Onsuz da onların bir neçə evləri, villaları var. Hətta əsəbiləşsələr, üz tutarlar xarici ölkələrdə aldıqları bər-bəzəkli villalarına. Xatırladım ki, pandemiyanın tüğyan etdiyi dövrdə dövlətimiz xeyirxahlıq edərək, işsiz qalan insanlara 190 manat birdəfəlik ödənilşlər edirdi. O zaman məlum oldu ki, gözləri və mədələri mal-mülkdən, qida məhsullarından doymayan neçə-neçə imkanlı şəxs də kasıbın almalı olduğu 190 manata göz dikib. O zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə bir məlumat yaymışdı ki, şəxsi mülkiyyətində 4, 11, hətta 49 mənzili olan məxluq da 190 manatı almaq üçün nazirliyə müraciət edib. Nazirliyin həmin açıqlamasından çox qeyzlənmişdim, öz-özümə deyinmişdim ki, kaş belələrini işğaldan azad edilmiş minalı ərazilərə buraxasan və deyəsən ki, di get... Hətta yanıqlı ah çəkmişdim, demişdim ki, ey gidi dünya, gör, nə gündədirlər ki, milyonları var, amma gözləri doymur. İstədim o zaman bir Axundun yanına gedib, ona sual edim ki, acgözlərin dünya malından, sərvətindən gözlərinin və tamahlarının doyan vaxtı ola bilərmi? Ancaq Axundu işindən-gücündən etməyimə ehtiyac qalmadı. Vaxt tapan kimi internetdə axtarış apardım, məlum oldu ki, hinkir-minkirin, bir addımlığında olanda, torpaq onların gözlərini doyduracaq.

Nə isə...elə varlı-karlı məxluqatlar var ki, onlar bir qədər diribaş və uzaqgörəndilər. Hər şeyi altdan-altdan edir və qapazladıqlarını xımır-xımır yeyirlər. Asta-asta xaricə gedir, yavaş-yavaş özlərinə oralarda obyektlər alır, villalar inşa edirlər. Heç veclərinə də, olmur ki, Bakıda və rayonlarda qaz, işıq, su problemi var və ya yoxdur. Varsa, əla, yoxdursa, dabanlarına tüpürüb, qaçacaqlar xarici ölkələrdəki evlərinə. Varlıların da kasıblar kimi, öz yurdunda qalıb, yaşamaları üçün gərəkdir ki, istilik sistemləri yaxşı vəziyyətdə olsun, qaz, işıq infrastrukturu davamlı və keyfiyyətli olsun. Təəssüf ki, hələ ki, arzuları tam şəkildə reallığa çevirmək mümkün deyil. Çünki başbilənlər üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmirlər. Lakin kommunal idarələrin hansının qapısını döyüb “qışa hazırlıq necədir” sualını etsən, mətbuat xidmətlərinin katibləri basıb-bağlayacaqlar ki, hər şey əladır, problem-zad da yoxdur. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri uca səslə deyəcək ki, iyun ayından başlayaraq qışa hazırlıq işlərinə start verilib, minlərlə metr qaz kəməri təmir olunub, bir neçə kilometr yeni qaz xətləri çəkilib, filan sayda qaz tənzimləyici və siyirtmələr quraşdırılıb. Hələ dərinə gedib, söyləyəcək ki, rəhbərliyin iş günləri yorulub, əldən düşməsinə baxmayaq şənbə və bazar günləri də əhali ilə görüşlər təşkil edib, onların təbii qazla bağlı problem və qayğıları ilə maraqlanırlar. Ancaq sual edəndə ki, Tovuzun, Qazağın, Masallının, Şabranın, eləcə də Bakının yaxınlığındakı Biləcəri, Maştağa, Binə qəsəbələrinə də niyə təbii qaz zəif və keyfiyyətsizdir? Həm də nəyə görə Zaqatala, Astara, Qusar kimi rayonların kəndlərində, ümumiyyətlə, qaz yoxdur. İnsanlar üz verirlər meşələrə oğurluq-doğruluq ağacları kəsərək, özlərinə qışa odun tədarükü edirlər. Belə davam etsə, sağlamlığımızın rəhni hesab olunan yaşıl meşələrimiz, boz dağlara və ya səhralara çevriləcək. Sual olunmalıdır ki, müasir həyatımız yenilklərlə dünyanı heyrətləndirdiyi bir vaxtda nəyə görə “Azəriqaz” İstehsalat Birliyi smartkart tipli sayğacları ləğv edərək ötən əsrin 90-cı illərinə qayıdıb. Yəni mexaniki sayğacları yenidən bərpa edib. Təbii ki, bu dəyişiklik, köhnəliyin qalığı hesab edilib, qınanılsa da, maraqlar onları bu ittihamları qulaqardına vurmağa məcbur edir. Çünki mexaniki sayğaclar, smartkart tipli sayğaclara nisbətən onların kəm-kəsirlərini ört-basdır edir və müəyyən qədər də gəlir gətirir. Yəni əgər bir abonent smaratkart tipli sayğacla ay ərzində 750-800 kubmet qaz sərfiyyatı edə bilərsə, mexaniki sayğacla bu sərfiyyat 1800-2000 kubmetr ola bilir. Fikir versəniz görərsiniz ki, limiti keçən abonentlər, əsasən, mexaniki-sayğac istifadəçiləridir. Vəziyyətin yaxşılığa doğru düzələ biləcəyi isə inandırıcı deyil. Çünki rəhbərlik daha çox öz maraqlarını düşünür, abonentlərin mənafeləri isə dördüncü, beşinci dərəcəli hesab olunur.

Bizdən bu qədər, “Azəriqaz” İstehsalat Birliyinin əlləm-qəlləm fəaliyyətini demək və yazmaqdır, gerisi aidiyyati böyük-böyük qurumların işidir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə