Bakının dərdi var, Bakı “xəstədir”...

Keçmişlə gələcək arasında, müasirliklə klassika arasında vurnuxan, yöndəmsiz və plansız tikilən göydələnlərlə, şəhər mədəniyyətindən bixəbər “sakinlərlə”, 5 milyona qədər əhali, ekoloji fəlakət həddində olan Bakı, artıq “can üstündədir”. Keçən əsrin 60-cı illərində 1-2 milyon əhali üçün nəzərə alınaraq salınmış bir çox yollar, bu gün Bakı üçün ölümcül baş bəlasına çevrilib. Bu yollarda yaranan dəhşətli tıxaclar, hər gün neçə-neçə insanın həyatına son qoyan yol qəzaları, nəqliyyat infrastrukturunun neçə on illiklərdir iflic halda sürünməsi, bütün bunlardan əsəb və stress keçirən on minlərlə insanlar, bölgələrdən çörəkpulu dalınca Bakıya üz tutan insan axını - təəssüf ki, müasir Bakının acı tablosu belədir. Həddindən artıq yüklənən bu şəhərin dili olsaydı nələr danışardı, nələr...

Bu yazımda Bakının hazırkı real ictimai “rentgeni”ni çəkəcəm. Həm aydın, həm də sadə. Bu şəhər artıq bir paytaxt şəhəri olmaqdan çıxıb fəlakətə doğru gedir. Bugünkü Bakı əhali sayına görə üç Baltikyanı ölkənin ümumi əhalisini belə üstələyib gedir. Bu şəhərdə artıq hava almaq, normal içməli su ilə təzhiz olmaq mümkünsüz hala çevrilir getdikcə. 20-24 mərtəbəli plansız, heç bir tikinti qaydasına və yaşıllıq salınmasına əməl olunmadan ucaldılan göydələnlər bu şəhəri əsl qəfəs halına gətirib. El arasında şəstlə “novostroyka” adlandırılan bu tikililərin həyəti, yaşıllığı, uşaqların oynaması, sakinlərin istirahəti üçün heç bir şəraiti yoxdur. Kimin pulu varsa, rüşvətxor iriçaplı məmurları “görür”, ağacları qırıb “novostroykalar” ucaldır. Azı 4 milyon insanın yaşadığı bu şəhəri hava alınması mümkün olmayan ekoloji həbsxanaya çeviriblər. Məsuliyyətsiz, rüşvət düşkünü olan bəzi məmurlar üçün Bakının taleyi mənasız bir şeydir. Dövlət bu tipli məmurlara qarşı nə qədər sərt tədbir görsə də, belələri yabanı ot kimi bütün vəzifələrdə boy verirlər. Kökləri kəsilmək bilməyən ünsür sürüsü...

Üstəlik su, qaz, işıq xətlərinin zədələnməsi, məhv edilməsi hesabına. Bir çox aidiyyatı qurumlar ağzını açıb bu fəlakət biznesinə sərt intizam tədbiri görə bilmir. Ağzını açanı da yaşıl dollarla “susdururlar”. Bu kortəbii göydələnlər bir gün Bakının sonunu gətirəcək, bu şəhərdə dəhşətli fəlakətlərə səbəb olacaq. Bunu görməmək mümkünsüzdür. Amma bir çox aidiyyatı qurumlarda oturan laqeyd və rüşvət əsiri olanlar hələ ki, gözlərini yaşıl dollarlarla “bağlayıblar”. Bu ekoloji terror yaradan göydələnlər, ilk növbədə, Bakının bünövrəsinə qoyulan böyük bir “bomba”dır. Bu şəhəri külə çevirəcək tikinti “bombası”...

Hələ yol biznesi barədə danışmıram. İllərdir bu işə cavabdeh olanların milyonluq qazanc halına gətirdikləri, milyardlarla dollarların “yuyulduğu” yol cinayətləri ucbatından bu gün Bakının yol infrastrukturu hələ də bərbad görkəmindən çıxa bilmir. Dövlətin uzun illərdir Bakının yol infrastrukturu üçün ayırdığı milyonlara baxmayaraq, hələ də bir sıra yollar “təmir” deyib dad çəkir. Xüsusilə, Bakı-Quba yolu kimi strateji yolun başına gətirilən bəlalar barədə dastan yazıb cild-cild kitablar buraxmaq olar. Təkcə bu yola ayrılan milyonların havaya sovrulması yetər ki, günahkarlar edam ağacına aparılsın. 2008-ci ildə çəkilən bu yola 30 il zəmanət verilsə də, son 14 ildə 300 dəfə xırda-xırda “təmir olunub.” Nə deyəsən, əsl büdcə talançılığı, başqa heç nə!

Elə bu yolun əsasını qoyanların bisavadlığı, qeyri-vətənpərvərliyi, rüşvətxorluğu üzündən bu gün bütün Bakının əsas dərdi olan məşhur “Xırdalan tıxacı” kimi fəlakət yaşanır. Elə vaxtında bu yolu genişləndirmək, tıxac fəlakəti üçün bir tədbir görülsəydi, səhər saat 7:00-dan Xırdalan dairəsindən başlanan tıxac fəlakəti on minlərlə insana stress, əsəb, vaxt itkisi yaşatmazdı. Rayonlardan minlərlə insanın bir tikə çörək qazanmaq üçün gəlib məskunlaşdıqları, artıq əhali sıxlığına görə Sumqayıtı çoxdan üstələyən Xırdalan şəhəri özü sosial partlayış həddindədir. Hər gün işə getmək üçün yola çıxan minlərlə insan yoldakı tıxac ucbatından insanlığa zidd həyat yaşayır bu yollarda.

Dörd milyondan çox əhalisi olan Bakının ekoloji problemləri daha qabarıqdır. Yuxarıda sadaladığım kimi, tikinti sektorundakı özbaşınalıq ucbatından bu şəhər yaşanmaz hala düşüb. Onsuz da ta sovet dövründən qızmar yay ayları cəhənnəm istisi olan bu şəhər, son illərdəki iqlim dəyişiklikləri və ekoloji fəlakət ucbatından artıq payız və qış aylarında da təmiz hava baxımından yoxsul şəhərə çevrilib. Şəhərə kütləvi axın həm də Bakının on illiklər boyu formalaşan şəhər mədəniyyətinin də sonunu gətirib. Ötən əsrin 60-70-ci illərindəki özünəməxsus Bakı adət-ənənələri son onilliklərdəki urbanizasiya və sosial-ictimai dəyişikliklər ucbatından artıq tarix kitablarında “yaşayır”.
Təəssüf ki, həm də bu şəhərin bir çox yeni “sakinləri” şəhər mədəniyyətini yerlə-yeksan ediblər. Göydələnlərdə yaşayan, amma şəhər mədəniyyətindən bixəbər bir para sakinlərdən danışıram. Bilirsiniz kimlərdən?- Mədəni, güzgülü müasir liftlərdə tualet ehtiyacını “ödəyən”, evindəki zibili eləcə öz qapısının kandarında “unudan”, şəhər küçələrində yaylaqda qışqırıb-bağıran formada danışan, ayaq qoyulan ictimai yerlərə tüpürüb, söyüşü havaya buraxan, birgəyaşayış qaydalarına uyğunlaşması mümkün olmayan üzdəniraq sakinlər. Bakı “xəstədir”, çarəsiz və “xəstə”...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə