Şəhid, qazi əvəzinə, casus olmaq... - KÖŞƏ

Təəssüflər və çox təəssüflər! Bu gün eşitdiyimiz xəbər üçün minlərlə kərə təəssüflər.

Biz 30 il-bir qərinəyə yaxın idi ki, Qarabağsız qalmışdıq. Qonşuluqdan kənar olmuş qonşumuz erməninin hiyləgərliyinə, xəyanətkarlığına, tamahına və murdarlığına, bir də özümüzdən olan xainlərin satqınlığına qurban getmişdi torpaqlarımız. Soydaşlarımız ev-eşiyindən zorla qovulmuşdu. 30 il idi ki, köçkünlük, didərginlik, hicran, həsrət qəlbimizi dağlayırdı...

30 il idi ki, namus, qeyrət, şərəf dərdi çəkirdik. 30 il idi ki, torpaq dərdindəydik. Bir gün bu torpaqları geri almağa hazırlaşırdıq.

Səsimiz dünya ilə bir olmuşdu. Haqqımızı arayırdıq. Səsimizə səs verən, dərdimizə dərman olan ölkə axtarırdıq. Dünya susduqca, biz səsimizi bir az da qaldırırdıq. Qarabağımızın sülh yolu ilə qaytarılmasını istəyirdik.

Başda ölkəmizin rəhbəri olmaqla, bütün xalq ayaq üstündə idi. Hər gün atdığımız bir addımla Qarabağa yaxınlaşırdıq. Biz Ali Baş Komandanımızın biz əmrinə müntəzir idik. Müharibəyə hazır idik. Lakin sülh dövləti, sülhsevər xalq olduğumuz üçün birinci sülh yolunu seçmişdik. Əks təqdirdə isə müharibə müharibə olaraq qalmaqda idi.

Bizlər bu istəklə, arzularla gecə-gündüz çalışarkən, Qarabağda Zəfər qazanarkən, sən demə içimizdə yenə də 90-cı illərin casus, xəyanətkar qırıntıları baş qaldırmaqda imiş. İran xüsusi xidmət orqanlarının yaratdığı və ifşa edilən casus şəbəkəsinin üzvləri kimi. İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı bu gün oxuduğum xəbərlə böyük təəssüf hissi yaşadım. Bu xəbəri oxuyan hər kəsin bu hissi yaşaması təbiidir. Bizim övladlarımız cəbhədə Vətən, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olarkən, sağlamlığını itirib qazi olarkən “belə “oğullarımız” da varmış”,- deyə təəssüf hissi keçirməkdən başqa əlac varmı?

Həqiqətən çox təəssüflər. Bu torpaqda doğulmağınıza, bu torpağın çörəyi, suyu ilə böyüməyinizə, havası ilə nəfəs almağınıza təəssüflər olsun. O hansı dünya malıdır ki, sizləri Vətəni satmağa məcbur etdi? O hansı dünya malıdır ki, sizləri bu torpaqdan, xalqdan, millətdən qopmağa məcbur etdi? O hansı dünya malıdır ki, sizlərə casus statusu verdi? O status ki, neçə nəsil sonra da qohum-əqrəbanızın ayağına yazılacaq.

Harada idiniz müharibə vaxtı? Casusluqdamı? Ölkədən qaçırmışdılarmı sizi? “Sağ qalım”,-deyə ürəyinizcə idimi bu? Nə üçün müharibə bölgəsində şəhid olanlarımız sırasında olmadınız? Nə üçün qazi deyilsiniz? Nə üçün Vətənin bir çağırışıyla sinəsini qabağa verən oğullarımızdan olmadınız? Nə üçün bu gün həyat yoldaşlarını müharibədə itirən qadınlarımızın əri, cəmi 2-3 aylıq ailələrimizin şəhid başçısı, üzüyü barmağında qaşsız qalan qızlarımızın nişanlısı, şəhid atalarının şəkilləri ilə təsəlli tapan uşaqların atası deyilsiniz?

Nə üçün bəlkə 10 yerdən xəsarət alan, hələ də xəstəxanalarımızda müalicə olunan, bir ömürlük şux yerişi üçün ayağına, bir toy-düyündə rəqs etməsi üçün qoluna həsrət qalan, hər biri müharibənin bir canlı şahidi olan qazilərimizdən deyilsiniz?

Axı bu torpağın çörəyi, suyu ilə böyüyənlərin başı dik, alınları açıq olmalıdır. Sizləri nəyə layiq bildilər? Casus olmağamı?

Çox təəssüflər... Çox təəssüflər ki, aldanmısınız, satılmısınız. Çox təəssüflər ki, dörd divarımızın sirrini-sözünü bayıra çıxarıb bu xalqı təhlükə ilə üz-üzə qoymusunuz. Çox təəssüf ki, bu günlə yaşayıb, gələcəyi görə bilməmisiniz.

Düşünmək üçün həbsxana künclərində çox vaxtınız olacaq. Düşünün, görün, əsl, sadiq vətəndaş olmaq, şəhid olub səmalara qalxmaq, qəlbərdə abidə ucaltmaq, qazi olub alınaçıqlığı ilə ömür sürmək, nəsillərə nümunə olmaq lazım idi, yoxsa casusluğu seçib Vətən xaini olmaqmı?

Təəssüf edirəm. Və sözün bitdiyi ana yetişdiyim üçün ta söz tapıb danışa bilmirəm. Deyə biləcəyim son kəlmə: Allah və qanunlarımız cəzanızı versin!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə