"ABŞ Güləni versə, Türkiyədən bunu istəyəcək"

"Türkiyənin ABŞ-ın qarşısında qoyduğu iki ən vacib şərtlərdən biri Gülənin ekstradisiyası, digəri isə terror təşkilatlarına yardımların dayandırılmasıdır." Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, ABŞ gec-tez hər iki məsələdə Türkiyəyə güzəştə getməyə məcbur olacaq:

“ABŞ-dan Türkiyəyə qarşı müsbət addımların atılması gözlənilirdi. Növbəti mərhələlərdə Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin gündəmə gəlməsi proqnozlaşdırılırdı. Ələlxüsus da hazırda ABŞ-ın Türkiyəyə münasibətində müəyyən güzəştlərə getməli olduğu aydındır. Çünki faktiki olaraq, Qaşıqçı olayından sonra ABŞ-ın Yaxın Şərq siyasətində Türkiyənin çox önəmli rola malik olduğu bir daha göründü. Digər tərəfdən bu məsələ, ümumiyyətlə, Türkiyəni Yaxın Şərq siyasətində heç bir qüvvənin əvəz edə bilməyəcəyi həqiqətini ortaya qoydu. Doğrudur, ABŞ Türkiyəsiz Yaxın Şərq siyasəti izləmək istəyirdi. Burada ərəb ölkələrinə, əsasən də Səudiyyə Ərəbistanına rol hazırlanırdı. Xüsusilə, Məhəmməd bin Salmanın oraya rəhbər təyin edilməsi və Səudiyyə Ərəbistanında başlanan yenilənmələr bunu açıq şəkildə göstərirdi”.

Analitik qeyd edib ki, ABŞ Gülənin ekstradisiyası məsələsi ilə bağlı müəyyən proseslərə başlaya bilər:

“Amma maraqlısı budur ki, ABŞ bunun qarşılığında Türkiyədən nə istəyəcək?! Türkiyə-ABŞ münasibətlərində İran faktoru çox həssas nöqtədir. Türkiyə İrana qarşı koalisiyaya qoşulmasa belə, ən azından İrana münasibətdə ABŞ müəyyən maraqlarının uzlaşdırılmasını Ankaradan tələb edə bilər. Eyni zamanda Çin faktorunu nəzərə alsaq, ABŞ və Rusiyanın müəyyən mənada maraqlarının bəzi nöqtələrdə uzlaşdırılması məsələsində Türkiyənin vasitəçi rolunda çıxış etməsini gözləyə bilərik. Burada müəyyən gedişlər olacaq. Bunların nəticəsində biz artıq Gülənin ekstradisiyasının reallaşıb-reallaşmayacağını görə biləcəyik”.

Qeyd edək ki, "NBS Nyus" FETÖ şəbəkəsinin rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı qanuni yolların müəyyənləşdirilməsi üçün ABŞ Prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosu (FTB), Ədliyyə və Daxili Təhlükəsizlik nazirliklərinə təlimat verdiyini iddia edib. Bundan sonra ABŞ Dövlət Katibliyi məlumat yayıb ki, Ağ Ev FETÖ lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı hər hansı bir görüş keçirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə