Yaponiya ilə Kanada arasında hərbi müqavilə imzalanıb

Yaponiya ilə Kanada arasında qarşılıqlı şəkildə hərbi texnikaya xidmət barədə (ACSA) hökumətlərarası müqavilə imzalanıb. Eyni zamanda, iki ölkə təhlükəsizlik sahəsində əməkdaşlığın gələcək inkişafı barədə də razılığa gəliblər. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin aprelin 22-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, həmin sənədi aprelin 21-də Torontoda Yaponiyanın xarici işlər naziri Taro Kano və onun kanadalı həmkarı Xristya Friland ikitərəfli danışıqların başlanğıcında imzalayıblar.

Yaponiya XİN-nin bildiridiyinə görə, “Yaponiya Özünümüdafiə Qüvvələri və Kanada Silahlı Qüvvələri arasında tədarük və qarşılıqlı xidmət haqqında müqavilə” əsasən, qarşılıqlı şəkildə hərbi texnikanın çatdırılmasını və ona xidməti nəzərdə tutur.

Bundan əlavə, sənəddə hər iki tərəfin biri-birinin hərbi avadanlığından həm Kanadada, həm Yaponiyada, həm də digər yerlərdə təşkil edilən əməliyyatlarda və təlimlərdə səmərəli istifadəsinə icazə verilir. Sənəd, həmçinin təbii fəlakətlər, humanitar böhranlar, sülhməramlı fəaliyyət zamanı iki ölkənin digər tərəfdaş ölkələrlə əməkdaşlığına yardım etmək məqsədi də daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə