Qasırğa Almaniyaya yarım milyard avro zərər vurub

Almaniya sığortaçılarının birləşmiş ittifaqı (GDV) “Friderike” qasırğasının ölkəyə vurduğu zərəri 500 milyon avro həcmində qiymətləndirib. Axar.az xəbər verir ki, “Friderike” qasırğası gücünə görə 2007-ci ildə Almaniyada baş verən “Kirill” qasırğasından sonra ikinci yerdədir. Lakin vurduğu zərərə görə “Kirill” “Friderike” qasırğasını xeyli qabaqlayır – o vaxt Almaniyaya dəyən zərər təxminən 2 milyard avro olub.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dayandırılan uzaq səfər qatarlarının hərəkəti yanvarın 19-da qismən bərpa olunub, lakin qasırğa 200-dən çox dəmir yolunu zədələdiyi üçün tam gücü ilə fəaliyyət göstərə bilmir. Bundan başqa, “Mitnetz Strom” elektrik kompaniyasının məlumatına əsasən, Saksoniya, Saksoniya-Anhalt və Turingiya federal torpaqlarında 16 min evin elektrik təminatı hələ də bərpa edilməyib.

Qeyd edək ki, yanvarın 18-də “Friderike” qasırğası səbəbindən Almaniya ərazisinin çox hissəsində qırmızı təhlükə səviyyəsi elan olunub. Dağlıq ərazilərdə küləyin sürəti saatda 200 kilometri keçib. Təbii fəlakət qurbanlarının sayının 8 nəfərə çatdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə