“Qəbələ” püşkatmada güclülər səbətində olacaq

Futbol üzrə Azərbaycan Kubokunun qalibi olan “Qəbələ” ardıcıl 6-cı mövsüm avrokuboklarda çıxış etmək hüququ qazanıb. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” mübarizəyə Avropa Liqasının II təsnifat mərhələsindən başlayacaq.

“Qəbələ”nin püşkatmaya qatılacağı səbət də müəyyənləşib. Bu mərhələ üçün güclülərdən olan Azərbaycan təmsilçisi “səpələnmişlər” səbətində yer alacaq. Əyalət klubunun hesabında olan 6,250 xal buna imkan verib. “Qəbələ” II təsnifat mərhələsində daha az reytinq xalı olan rəqiblə qarşılaşacaq.

“Qırmızı-qaralar”ın hələlik yalnız 2 potensial rəqibi bəllidir. Bunlar “Lexia” (Qdansk, Polşa”) və “Lokomotiv”dir (Plovdiv, Bolqarıstan). “Qəbələ”nin potensial rəqibləri daha çox I təsnifat mərhələsi yekunlaşdıqdan sonra bəlli olacaq. Mərhələnin güclüləri arasında qərarlaşanlara baxdıqda isə burada “Qəbələ” ilə yanaşı, “Ayntraxt” (Frankfurt, Almaniya), “Vulverhempton” (İngiltərə), “AZ Alkmaar” (Hollandiya), “Espanyol” (İspaniya), “Strasburq” (Fransa), “Gimaraynş” (Hollandiya) kimi güclü klublar var.

Bütün xəbərlər Facebook səhifəmizdə