Bakıda “GymBala” turnirində 130-dan çox atlet iştirak edəcək

Avqustun 18-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnir start götürəcək. SİA-nın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, iki gün davam edəcək yarışlarda fərdi və qrup hərəkətləri proqramlarında 2011-2013-cü, 2008-2010-cu, 2006-2007-ci, 2003-2005-ci il təvəllüdlü atletlər məharətlərini göstərəcəklər.

Turnirdə təcrübəli gimnastlarla yanaşı, daha aşağı yaşlı idmançılar da çıxış edəcəklər. İştirakçılar həm çöxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Yayın son gimnastika yarışında ümumilikdə 130-dan çox, o cümlədən Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” idman klublarının, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin, eləcə də Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstandan, Ukraynadan və Misirdən olan gimnastlar da iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə