"Azəryol" "Azərsu"ya qalib gələrək xal fərqini minimuma endirib

Qadın həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, "Qarabağ" “İdman Akademiyası"nı 36:30, "Nur" "Gənclər Birliyi"ni 33:10 hesabı ilə məğlub edib.

Turun mərkəzi oyununda isə "Azərsu" kollektivi nominal ev sahibi kimi "Azəryol" komandasını qəbul edib. Görüş gözlənilmədən qonaqların 36:23 hesablı asan qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra "Azərsu" 29 xalla turnir cədvəlində liderliyini davam etdirir. Son oyundan sonra liderlə xal fərqini minimuma endirən "Azəryol" (28 xal) ikinci yerdə qərarlaşıb. "Nur" həndbolçuları 25 xalla üçüncü pillədə, aktivində 23 xal olan "Qarabağ" isə dördüncü pillədə yer alıb. "Gənclər Birliyi" və "İdman Akademiyası” isə 4 xalla beşinci-altıncı yerləri bölüşürlər.

Qadın həndbolçular arasında ölkə birinciliyinin sonuncu - 20-ci turuna aprelin 26-da Mingəçevirdə mərkəzi oyunla start veriləcək. “Kür” Olimpiya İdman Mərkəzində yerli "Nur" həndbolçuları "Azəryol" kollektivini qəbul edəcək. Turun digər oyunları aprelin 28-də keçiriləcək. Son görüşlərdə "Gənclər Birliyi" "Qarabağ"la, "İdman Akademiyası" "Azərsu" ilə üz-üzə gələcək.

Kişi həndbolçular arasında final oyunları isə aprelin 29-da keçiriləcək. İlk olaraq üçüncü-dördüncü yer uğrunda "Təhsil" komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələri qarşılaşacaqlar. Ölkə çempionatının qızıl medalları uğrunda isə "Məhsul" və "Bakı" həndbolçuları üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə