“Neftçi” Kubokda iddialı irəliləyir - ŞƏRH

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalının cavab oyununda “Neftçi” “Zirə”ni qəbul edib. SİA-nın məlumatına görə, “Bakcell Arena"da keçirilən qarşılaşmanın baş hakimi Fariz Yusifov olub. Ona Elman Musayev, Azər Əsgərov və Ziya Nəsirov kömək ediblər.

"Neftçi”nin start heyətində meydana Rəşad Əzizli, Ruslan Abışov (k), Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Emin Mahmudov, Derlis Meza Kolli, Uqo Barqas, Rəhman Hacıyev, İqnasio Herrera və Mirabdulla Abbasov çıxıb.

Ehtiyat oyunçular skamyasında Maksim Vaylo, Məqsəd İsayev, Ömər Buludov, Elnur Süleymanov, Tərzin Cahangirov, Namiq Ələsgərov, Fəhmin Muradbəyli, Pavel Dreksa və Mateo Mujek baş məşqçi Tərlan Əhmədovun onlara şans verməsini gözləyiblər.

"Zirə”nin ilk “11”liyində Kamal Bayramov (k), Vüqar Mustafayev, Adil Nağıyev, Sadio Tounkara, Milan Duriç, David Manqa, Viktor İqbekoyi, Yovan Krneta, Təmkin Xəlilzadə, İlkin Muradov və Riçard Qadze yer alıb.

Ehtiyatda Abdulla Seyidəhmədov, Orxan Əliyev, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Murad Səttarlı, Kənan Zülfüqarov, Yusif Nəbiyev, Milad Bayramov, Müşfiq İlyasov və Nicat Qurbanov olub.

İlk oyunda aşkar üstünlük nümayiş etdirən, ancaq minimal hesabla məğlub olan (1:0) “Neftçi” bu dəfə rəqibinə heç bir şans verməyib. Belə ki, Tərlan Əhmədovun baş məşqçi təyin edilməsindən sonra ardıcıl qələbələr qazanan komanda bu dəfə çempionatın liderlərindən olan “Zirə”ni Kubok uğrunda mübarizədən kənarlaşdırıb. Flaqman matçın taleyini ilk hissədə müəyyənləşdirib. Belə ki, qarşılaşmanın 36-cı dəqiqəsində Uqo Barqas Emin Mahmudovun ötürməsini qola çevirib. Bundan 10 dəqiqə sonra isə Mirabdulla Abbasov fərqlənib.

Oyunun ikinci hissəsində komandaların cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb. Qarşılaşma 2:0 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb və flaqman yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, “Neftçi” məhz T.Əhmədovun komandanı təhvil almasından sonra həm ölkə çempionatında, həm də Kubokda keyfiyyətli və gözəl oyun nümayiş etdirməyə başlayıb. Təcrübəli mütəxəssisin komandada yaratdığı ab-hava, intizam, yeni oyun üslübu, texniki və taktiki dəyişikliklər özünü açıq şəkildə göstərir. Çempionatın autsayderlərindən olan “Neftçi” T.Əhmədovun gəlişindən sonra ardıcıl xallar qazanmağa başlayıb və ən güclü komandalarla başabaş oyun nümayiş edirir.

Bu gün isə komanda “Zirə”ni məğlub edərək Azərbaycan Kubokunun yarımfinalına vəsiqə qazanmaqla nə qədər iddialı olduğunu bir daha nümayiş etdirdi.

Qeyd edək ki, aprelin 11 və 18-də keçiriləcək yarımfinal mərhələsində "Neftçi” "Qəbələ” - "Səbail” cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, bu gün “Keşlə” klubu da “Kəpəz”i məğlub edərək yarımfinalda oynamaq hüququ qazanıb.

1/4 finalın digər matçları sabah keçiriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə