Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd edilib - FOTOLAR

Masallı rayonunda Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri - Səfəralı Məmmədovun doğum günü qeyd olunub. Azərbaycanın 11 ilk Milli Qəhrəmanlarından olan Səfəralı Qurban oğlu Məmmədovun anım günü böyüyüb boya-başa çatdığı Sərçuvar kəndində, adını daşıdığı məktəbdə keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin, SHXÇDX rayon şöbəsinin məsul işçiləri, kənd sakinləri, müəllim və məktəblilər, Milli Qəhrəmanın qohumları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məktəbin həyətində, Milli Qəhrəmanın abidəsi önündə keçirilən tədbirdə əvvəlcə Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, dualar oxunub.

Masallı Rayon İcra Hakimyyəti başçısının müavini Aybəniz Qafarova, rayon təhsil şöbəsi müdirinin müavini Samit İslamov, Sərçuvar kənd tam orta məktəbinin direktoru Zayid Məmmədov, aktyor Cəmaləddin Əliyev və başqaları qəhrəmanın keçdiyi ömür yolundan söhbət açıb, Qarabağ savaşındakı şücaətindən danışıb, Səfəralı kimi igid oğullarımızın gənclərə örnək olduğunu diqqətə çatdırıblar.

Göstərilib ki, şəhid Səfəralı Məmmədov 1990-cı illərdə Ağdam Rayon Daxili İşlər Şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992-ci ilin fevral ayının 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman S.Məmmədovun komandir olduğu tağım minaya düşüb. Şəhid Səfəralı Məmmədov aldığı xəsarətlərdən 29 yaşında dünyasını dəyişib.

Milli Qəhrəman Səfəralı Məmmədov doğma Sərçuvar kəndində dəfn olunub . Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Masallı şəhərində küçələrdən birinə, igid döyüşçünün təhsil aldığı məktəbə Səfalı Məmmədovun adı verilib, məktəbin həyətində onun büstü qoyulub, qəhrəmana həsr olunmuş “Qəhrəman polis” adlı film çəkilib.

Mərasimdə çıxış edən Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlığını bildirib. Məktəblilər qəhrəmanlarımızı vəsf edən şeirlər səsləndirib, Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında “Ölümümə inanma, ana!” ədəbi-bədii kompozisiya nümayiş olunub.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə