Liderlik zirvəsini fəth edən dahi Heydər Əliyevin həyat yolu - TƏHLİL

BU YOL - Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ərəfəsindəyik. Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, qızıl səhifəyə çevrilir. Çünki elə dühalar var ki, onlar həm də bəşəri əhəmiyyətli işlərlə yaddaşlara həkk olurlar. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi: "Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir".

Bəli, bugün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi tarixi yaradan şəxsiyyətdir. Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, bu günkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusuna çevrilmiş Ulu öndər Heydər Əliyev haqqında danışmaq hər bir azərbaycanlıda təbii qürur hissi doğurur. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev şəxsiyyəti gözlər önünə gəlir. Onun böyük qürurla söylədiyi: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" sözləri bu böyük şəxsiyyətin, bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Həzrəti Məhəmməd əleyhissalamın hədislərinin birində buyurulur ki: "Həqiqət o deyil ki, onu yalnız sən təsdiq edirsən, həqiqət odur ki, onu sənin düşmənlərin də etiraf edir".

Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü yalnız Azərbaycan xalqı deyil, hətta onun uğurlarına sevinməyənlər belə etiraf edir, bu dahi şəxsiyyətin qlobal liderliyini ehtiramla dilə gətirirlər. Ulu Öndər Heydər Əliyev böyük zəka və iradə ilə zamanı, nəinki idarə etmiş, qabaqlamış hətta irəli aparmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin tarixi paralellər fonunda bugünkü və gələcək nəslə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Dahi Şəxsiyyət, Fenomen Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Dahi Liderimizin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Sərəncamda qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı.

1969-1982 VƏ 1993-2003-CÜ İLLƏR ÇOXƏSRLİK AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV EPOXASI

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür. Birinci mərhələni əhatə edən 1969-1982-ci illər Azərbaycan tarixinin qızıl dövrü hesab edilir. Bu tarixi mərhələdə Azərbaycan keçmiş Sovetlər İttifaqında geridə qalmış bir respublikadan inkişaf etmiş ölkə səviyyəsinə yüksəldilmişdir. Bir vaxtlar sovetlər birliyində ən geridə qalan respublika kimi tanınan Azərbaycan Ulu Öndərin rəhbərliyindən sonra keçmiş SSRİ-də qabaqcıllar sırasına qoşuldu. Sonradan Kremldə fəaliyyət göstərdiyi illərdə - 1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələndə də qəlbi daim xalqımızla birgə döyünmüşdür. O dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik məhz Ulu Öndərimizə etibar edilmişdir. Həmin dövrdə də Azərbaycanın inkişafını, əlaqələrinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün təmin olunmasını, milli kadrların yetişdirilməsini daim diqqət mərkəzində saxlayırdı.

Ulu Öndər təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. O, hələ sağlığında hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoymuşdu. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. 1987-ci il oktyabr plenumunda Heydər Əliyev SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçovun millətlər arasında ədavət toxumu səpməsinə, ayrı-seçkilik etməsinə, ümumiyyətlə, siyasi xəttinə etiraz əlaməti olaraq Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Bundan istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa və ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə həyata keçirməyə başladılar. "Torpaqdan pay olmaz" deyərək ayağa qalxan

və kükrəyən xalqımızın haqq səsi Kremli silkələdi. Əlləri digər xalqların qanına batmış keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov xalqın azadlıq, suverenlik arzusunu təpədən dırnağa qədər silahlanmış qanlı ordu ilə susdurmağa çalışdı. Ancaqbuna nail ola bilmədi.

Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciəsinin baş verdiyi günün ertəsi - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək siyasi bəyanatla çıxış etdi. Ulu Öndər 20 Yanvar faciəsinə etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi. Belə ağır bir zamanda Heydər Əliyev öz həyatını təhlükə altına alaraq xalqı ilə birgə olduğunu bəyan etdi. Məhz Ulu Öndərin səsi Kremlin ölkəmizin ətrafında yaratdığı informasiya blokadasını yardı. Öncə Naxçıvanı çətin durumdan xilas edən Ulu Öndər, 1993-cü ildə xalqın təkidi və tələbi ilə Bakıya qayıtdı. Beləliklə, Azərbaycanın dövlətçiliyi, millətimiz və vətənimiz xilas oldu. Azərbaycan yenidən dinamik inkişaf tempi əldə etdi. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

1994-95-ci illərdə xarici qüvvələrin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər. Məqsəd ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti əngəlləmək, Azərbaycanı yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına keçirmək idi. Ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Bütün bunlar Ulu Öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi.

"DƏMİR YUMRUQ" SİYASƏTİNİN NƏTİCƏSİNDƏ "DAĞLIQ QARABAĞ" PROBLEMİ YOXDUR!

Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində BMT Baş Məclisinin 6 sentyabr 2006-cı il tarixli "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsində Azərbaycanın işğal edilmiş ərazilərində baş verən yanğınlardan və onun vurduğu böyük ekoloji ziyandan ciddi narhatlığı vurğulanmışdır. Ölkə başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilə bilər. Prezident Milli Məclisin 2006-cı il payız sessiyasının açılışındakı çıxışında demişdir: "Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və yəqin ki, gələn il biz buna nail olacağıq. Bütün beynəlxalq normalara məhəl qoymayan Ermənistan, əfsuslar olsun ki, beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə çevrilmir. Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olcaqdır… Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik".

Bəli, bu gün Azərbaycan, Azərbaycan xalqı xoşbəxt günlərini yaşayır. Artıq Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpasına nail oldu. Böyük Öndər Heydər Əliyev demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".

Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı hesab edilən İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: "Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu "Dəmir yumruq" onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".

"ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR" DEYƏN DAHİ HEYDƏR ƏLİYEVİN BU ARZUSUNU BU GÜN ONUN SİYASƏTİNİN LAYİQLİ DAVAMÇISI, AZƏRBAYCAN XALQININ MƏRD OĞLU İLHAM ƏLİYEV "ŞUŞASIZ İŞİMİZ YARIMÇIQ QALAR" DEYƏRƏK YERİNƏ YETİRDİ

"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır",- deyən Ulu Öndər bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Heydər Əliyevin ideyaları, dərin biliyi, uzaqgörənliyi, mərdliyi bu gün biz gənclər üçün örnək olmaqla yanaşı, həm də dövlət qarşısında olan sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilmişdir.

Sevindiricidir ki, Ümummilli Liderin ən ümdə arzusunun həyata keçməsi Qələbəmizin ikinci ilində keçirilir. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən dahi Heydər Əliyevin bu arzusunu bu gün onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu, Qalib Lider, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə güclü ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə "Şuşasız işimiz yarımçıq qalar" deyərək yerinə yetirdi. Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır!" deyərək bu məsələnin nidasını qoydu və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Beləliklə də Prezident İlham Əliyev "ata vəsiyyətini" yerinə yetirərək bütün Azərbaycan xalqını xoşbəxt etdi.

Bəli, bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki ümummilli liderimizin siyasi kursu bu gün Onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, Ulu Öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır!

Dövlət başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə