Pirallahı rayonunda bədii qiraət müsabiqəsi keçirilib TƏDBİR + FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatında Azərbaycan ədəbiyyatında ictimai - fəlsəfi şeirləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib.

YAP Pirallahı rayon təşkilatınından SİA-ya daxil olan məlumata görə, bədii qiraət müsabiqəsi rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilib və müsabiqədə unudulmaz şair Nəsiminin şeirlərindən istifadə olunub. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib.

Müsabiqənin qalibləri fəxri fərman və digər hədiyyələrlə mükafatlandırılıblar. Məlumatda həmçinin qeyd edilir ki, qaliblər Azərbaycanın klassik mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə keçiriləcək ümumrespublika müsabiqəsində də iştirak edəcəklər.

Beləliklə, 20 gəncin iştirak etdiyi müsabiqədə gənclərin bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən bədii qiraət müsabiqəsində 168 №-li tam orta məktəbin XI sinif şagirdi Məmmədzadə Qorxmaz Şakir oğlu birinci yer, 186 №-li tam orta məktəbin XI sinif şagirdi Mehralıyeva Lalə Qabil qızı ikinci yer, 235 №-li tam orta məktəbin XI sinif şagirdi Kərimli Hidayət Emin oğlu isə üçüncü yerə layiq görülüblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin qərarı ilə bu il Azərbaycanda Nəsimi ili elan olunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...