Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu gün Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru Mercy Tembonla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Baş nazirin müavini keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən biri olduğunu bildirib. O, icbari tibbi sıgortanın tətbiqi ilə əlaqədar çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyi barədə qonaqlara məlumat verib.

Mercy Tembon Dünya Bankı Qrupunun Azərbaycanla sıx və davamlı tərəfdaşlığa verdiyi əhəmiyyəti vurğulayaraq ölkənin inkişaf proqramının icrasına, Azərbaycanın dayanaqlı iqtisadi artım istiqamətində irəliləməsi sahəsində hər cür dəstək göstərə biləcəklərini söyləyib. Regional direktor icbari tibbi sığorta ilə bağlı institusional strukturun formalaşdırılması və imkanlarının genişləndirilməsi, universal tibbi təminata çatmaq üçün səhiyyənin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, tibbi xidmətin təşkili və keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən səhiyyədə insan resurslarının gücləndirilməsi məqsədilə həm klinik, həm də idarəetmə sahəsində bacarıqların artırılması ilə bağlı hər cür dəstəyə hazır olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə