Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib

"Son illərdə bir çox hərbi şəhərciklərimizdə əsaslı təmir-bərpa işləri aparılmışdır. Bir çox şəhərciklər yenidən tikilmişdir. Hərbçilərin, əsgər və zabitlərimizin xidmət şəraiti də böyük dərəcədə yaxşılaşıb. Bu gün bizim hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi standartlara tam cavab verir. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hərbi hissələrin təmiri nəzərdə tutulur. Dövlət bu məqsədlər üçün vəsait ayırır və bundan sonra da ayıracaqdır". Bunu dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində çıxış edərkən deyib.

Prezident qeyd edib ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilmişdir: "Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar. Onlara minlərlə avtomaşın verilmişdir.

Müharibədən əziyyət çəkən soydaşlarımızın da problemləri öz həllini tapır. Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə