İşəgötürənlərə qeyri-formal məşğulluğun mənfi nəticələri barədə məlumat verilib

Qeyri-formal məşğulluq qanunvericiliyə zidd olmaqla, əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır. SİA-nın xəbərinə görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Binəqədi rayonunda işəgötürənlərin iştirakı ilə təşkil etdiyi seminarda diqqətə çatdırılıb.

Tədbirdə Xidmətin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində (Abşeron və Bakının Binəqədi rayonları) fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib.

Seminarda “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan geniş bəhs olunub. Qeyd edilib ki, qeyri-rəsmi məşğulluq işçilərin sosial müdafiə sisteminə çıxışına imkan vermir, onların əmək hüquqlarının, o cümlədən əməyin mühafizəsinin təmin edilməməsinə, digər tərəfdən, əmək məhsuldarlığının aşağı düşməsinə, keyfiyyətsiz məhsul və xidmətlərin bazara çıxmasına səbəb olur. Ona görə də işəgötürənlər bu məsələyə daim məsuliyyətlə yanaşmalı və hər bir işçi ilə əmək münasibətlərini tam rəsmiləşdirməlidirlər.

“İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda da işəgötürənlərə ətraflı məlumatlar verilib. İşçilərin məzuniyyət hüquqlarının təmin edilməsinin işəgötürənlərin əsas vəzifələrindən biri olduğu vurğulanıb. İşçilər üçün nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları və s. ilə bağlı Əmək Məcəlləsinin tələbləri diqqətə çatdırılıb, müvafiq izahatlar verilib.

Tədbirdə işəgötürənlərin müvafiq mövzularda sualları cavablandırılıb, iştirakçılara müfafiq mövzuları əhatə edən maarifləndirici çap materialları təqdim edilib. İşəgötürənlərin nümayəndələri də çıxış edərək əmək qanunvericiliyinə əməl olunması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, işçilərin məzuniyyət hüquqlarının təmin edilməsi sahələrində müəssisələrində görülən işləri qeyd ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə