"Dil Komissiyasının yeni tərkibinin təsdiqlənməsi alimlərimiz qarşısında geniş üfüqlər açır"

"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı müstəqil ölkəmizdə dövlət dili siyasətinin uğurla həyata keçirilməsinə təminat verən böyük əhəmiyyətə malik sənəddir. Komissiyanın tərkibində yüksək nüfuza malik şəxslərin və mütəxəssislərin olması dövlət dili ilə əlaqədar ən aktual məsələləri müzakirə edib qərarlar çıxarmağa əsas verir. Bu Sərəncam müstəqil Azərbaycanda dövlət dilinin nüfuzunun uca tutulmasına, ana dilinin saflığının qorunmasına və inkişafına dövlətimizin başçısının yüksək qayğısını və böyük diqqətini ifadə edir."

Bunu AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib. Alim deyib ki, mühüm dövlət sənədinin işığında akademiyada Azərbaycan dilinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndiriləcək. Artıq ciddi hazırlıq işləri aparılan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yaradılması üçün dilçi alimlərin və mütəxəssislərin səyləri birləşdirilib. Bu, müstəqillik dövründə Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti olacaq. Ana dilinin bütün zənginliyini ifadə edən orfoqrafiya lüğəti düzgün yazılış qaydaları ilə yanaşı, həm də dilin daxili imkanlar hesabına inkişaf etdirilməsini, alınma sözlərin doğma dilə uyğunlaşdırılmasının səviyyəsini də əks etdirir.

AMEA-da “Müasir Azərbaycan dilinin qrammatikası” çoxcildliyinin hazırlanmasına da başlanılıb. Hazırda ortoepiya lüğətinin hazırlanması üçün işlər aparılır. Milli Terminologiya Fondunun yaradılması da qarşıda duran əsas vəzifələrdəndir.

Akademik İ.Həbibbəyli bildirib ki, bu yaxınlarda AMEA-nın tarixində ilk dəfə keçirilən “Dilimiz – milli varlığımız” müsabiqəsi yekunlaşmaq üzrədir. Bu müsabiqə yeni nəslin doğma dilə sevgisini və ana dilini öyrənməyə böyük marağını nümayiş etdirdi. Müsabiqəni hər il, həm də ölkə miqyasında keçirməyi nəzərdə tuturuq.

Görkəmli dilçi alimlərimizin elmi irsinin ən əhəmiyyətli nümunələrinin yenidən nəşr edilib yeni nəsillərə çatdırılması istiqamətində də mühüm addımlar atılacaq. AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı alimlərimizin, ziyalılarımızın qarşısında yeni üfüqlər açır.

loading...