Azərbaycan-Səudiyyə Ərəbistanı Coğrafiya Günləri öz işinə başlayıb

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda beynəlxalq əlaqələr çərçivəsində Birinci Azərbaycan – Səudiyyə Ərəbistanı Coğrafiya Günləri öz işinə başlayıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, ilk əvvəl tədbir iştirakçıları AMEA-nın elmi-tədqiqat institutlarının nailiyyətlərini nümayiş etdirən sərgiyə baxıblar. Sonra tədbir konfrans zalında işini davam etdirib. Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov görüşü giriş sözü ilə açaraq Ərəbistan yarımadasından ölkəmizə səfər edən 37 nəfərdən ibarət nümayəndə heyətini və digər iştirakçıları salamlayıb, onları gündəlikdə duran məsələlərlə tanış edərək iclasın işinə uğurlar arzulayıb. Səudiyyə Ərəbistanı Krallığı Coğrafiya Komitəsinin (SƏKCK) rəhbəri Dr. Mohammed Abdul Hamid Meshkis qarşılıqlı olaraq xoş qəbula görə Azərbaycan Coğrafiya Cəmiyyətinə və onun rəhbərliyinə minnətdarlığını və burada olduqlarına görə məmnunluğunu bildirib.

Akademik Ramiz Məmmədov məruzə ilə çıxış edərək ölkə coğrafiyasının inkişaf mərhələləri, respublika ərazisində təbii, iqtisadi və sosial coğrafi proseslərin inkişafı, onların qarşılıqlı əlaqələri, Coğrafiya İnstitutunda aparılan mühüm elmi-tədqiqat işlərindən, coğrafiya elmi qarşısında duran problemlərdən, əldə olunan nailiyyətlərdən, son vaxtlar beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan, Xəzər dənizində aparılan tədqiqatlardan və sairdən geniş söhbət açıb. Çıxışının sonunda R.Məmmədov bu tədbirin gələcək birgə fəaliyyət, elmi tədqiqatlar üçün bir stimul və başlanğıc olduğunu diqqətə çatdırıb və müəllifi olduğu Xəzər dənizinin atlası və bir neçə kitabı SƏKCK rəhbərinə təqdim edib.

Ərəbistan nümayəndəsinin çıxışından öncə SƏKCK-nin fəaliyyətini əks etdirən 15 dəqiqəlik film nümayiş etdirilib. Sonra Dr. Mohammed Abdul Hamid məruzə edərək ölkəsinin dövlət qurumları, elmi-tədqiqat institutları, universitetləri, SƏKCK-nin fəaliyyəti, nəşrləri haqqında qısa məlumat verib. Sonra isə ümumiyyətlə Səudiyyə Ərəbistanından danışaraq onun Ərəbistan yarımadasında ən böyük dövlət olaraq yarımadanın 80%-ni təşkil etdiyini və mühüm strateji və ticarət əhəmiyyəti kəsb etdiyini diqqətə çatdırıb. Ölkəsinin iqlim şəraiti və su problemlərindən danışan Komitə rəhbəri ərazidə temperaturun 45.50-yə qədər qalxdığını, daimi su hövzələrinin olmaması və yeraltı suların kifayət etməməsindən dəniz suyundan istifadənin, onu şirinləşdirilməsinin vacibliyini ön plana çəkib. O, qeyd edib ki, suya olan tələbatın 50 %-i dəniz suyunun hesabına ödənilir. Dr. Mohammed Abdul Hamid həmçinin demoqrafiya, iqtisadi resurslar, neft-qaz və qiymətli metallar istehsalının ölkə iqtisadiyyatındakı rolundan bəhs edərkən onların 2030-cu il üçün neft asılılığından azad olmaqda köməkçi olacağını nəzərə çatdırıb. O, həmçinin neftin qiymətinin qalxması ilə əlaqədar inkişaf planlarından danışıb, qeyd edib ki, 2015-2020-ci illər üçün nəzərdə tutulan beşillik plan gözlənilən nəticə əldə etməyə imkan verib..

İnstitutun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənov “Azərbaycanın coğrafiyası” adlı məruzə ilə çıxış edib. O, Azərbaycanın coğrafi mövqeyi, relyefi, landşaftları, iqlimi, hidrologiyası, heyvanlar aləmi, turizm potensialı, iqtisadi-coğrafi rayonları, iqtisadi inkişafı, beynəlxalq əlaqələri və s. haqqında məlumat verib. Məruzə müvafiq xəritə və fotoşəkillərlə müşayiət olunduğuna görə qonaqlarda Azərbaycan təbiəti haqqında zəngin təəssürat yaradıb.

Ekocoğrafiya şöbəsinin müdiri, a.ü.f.d. Ənvər Əliyev və Pirqulu Biocoğrafi Stasionarın rəhbəri, c.ü.f.d. Çingiz Gülalıyev də mövzu ətrafında çıxış edərək birgə əməkdaşlığın hər iki ölkədə coğrafiya elminin inkişafına böyük təkan verəcəyini qeyd ediblər.

Azərbaycan Coğrafiya Cəmiyyəti ilə Səudiyyə Coğrafiya Cəmiyyəti arasında əməkdaşlıq haqqında fikir mübadiləsi və müzakirələr keçirilib.

Müəllif: Nailə Məhərrəmova
loading...