“Xalqın formalaşmış fikrini 3-4 dələduzun FB statusu ilə dəyişmək olmaz” RƏY-ÖZƏL

“Radikal müxalifətin son aksiyası, daha dəqiqi bu aksiyaya cəhd açıq təxribatdır və hansısa mətbəxlərdə hazırlanmış “menyu”dur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, Əli Kərimlinin və digərlərinin törətmək istədikləri plan da bu idi ki, həmin qanunsuz, razılaşdırılmamış aksiya vasitəsilə ölkədə sabitlik pozulsun, “qarşıdurma, xaos menyusu” sosial şəbəkələr vasitəsilə xalqa yedirdilsin: “Amma alınmadı! Növbəti dəfə alınmadı. Biabır oldular. Rüsvay oldular. Eynən gözlənildiyi, proqnoz edildiyi kimi. Bilirsinizmi niyə? Çünki xalq, millət ayıqdır, siyasi cəhətdən tam maariflənib. Çünki həmin xalqın yetkin, formalaşmış fikrini hansısa 3-4 dələduzun, siyasi qolçomağın facebook statusu ilə dəyişmək olmaz. Mümkün deyil! Çünki xalqla Prezident arasında möhkəm bağ, birlik, etimad var. Çünki Azərbaycan xalqı, vətəndaşı kimin kim olduğunu gözəl bilir və yaxşını pisdən ayırd eləməyi bacarır”. E.Musayev onu da bildirib ki, iki gündür ağlaşma qurublar ki, imkan verilmədi, polis müdaxilə elədi: “Polis nə etməli idi? Xaos təşviqedicilərinə gül-çiçək paylamalı idi? Yoxsa, onları bəh-bəhlə, ürəklə, şövqlə yuxarı başa keçirməliydi? Axı öncədən elan olunmuşdu ki, dövlət, dövlətçilik, ictimai qayda, ictimai əxlaq əleyhinə olan bütün addımların qarşısı birmənalı şəkildə alınacaq. Müxalifət bütün bunları bilə-bilə şüurlu formada niyə gedirdi cinayətə? Niyə “Lökbatan təminatı” var ikən, “28 May qarşıdurması” - variantı seçildi? Bəlkə radikallara verilən göstəriş, təlimat, trayektoriya belə olub? Bu sual ciddi düşünmək üçün əsas deyilmi, əsas vermirmi? 26 ildir eyni qaragüruh fəaliyyət, 26 ildir eyni şablonlar, 26 ildir eyni fəndlər... Usanmadılarmı bunlar? Yorulmadımı bunlar? Dünəndən bəri ifşa materialları, faktları açıqlanır, mitinq öncəsi kimin - kimlə nə danışdığı aşkara çıxarılır. Utanıb yerə girmək əvəzinə hələ etiraf edirlər, təsdiqləyirlər. Budurmu müxalifətçilik? Budurmu millətçilik? Budurmu dövlətçilik? Onsuzda bitmişdilər, onsuzda tarixin arxivinə çoxdan gömülmüşdülər. Son aksiya isə yerlərini bir az da dərin elədi, həmin gömüldükləri yerdə. Batdılar bu dəfə. Tam yerin dibinə”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...