Ehtiyata buraxılan gənclərlə Lerikdə görüş keçirilib FOTOLAR

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Lerik rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən SHXÇDX-nin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov ordu sıralarından ehtiyata buraxılan gəncləri Vətən qarşısında müqəddəs vəzifələrini uğurla başa çatdırmaları münasibətilə təbrik edib, onların bundan sonra müxtəlif sahələrdə ölkəmizin inkişafı naminə fəaliyyət göstərəcəklərinə inandığını bildirib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu prosesinin bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən söhbət açıb. Bütün sahələrdə, o cümlədən hərbi sahədə yüksək dünya standartlarına əsaslanan islahatların müvəffəqiyyətlə həyata keçirildiyini bildirib.

Silahlı Qüvvələrdən ehtiyata buraxılmış gənclər adından çıxış edən Rəsul Xanlarov Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətləri ilə qürur hissi keçirdiklərini deyib. Bundan sonra da ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizəyə hər an hazır olacaqlarını diqqətə çatdırıb.

Digər çıxış edənlər həqiqi hərbi xidmətin vətəndaşlıq borcu və şərəf olduğunu vurğulayıblar. Azərbaycan xalqının ordumuzun gücünə inandığını bildirib və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə ediblər.

Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə