Milli-mənəvi dəyərlər milli dövlətçilik konsepsiyasının mühüm komponentidir GƏNCLİYİN SƏSİ

Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu olmuşdur. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar. Mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.

Müstəqilliyimizin bərpa olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaratdı. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin etdi. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli əxlaqi dəyərlərinə, tarixinə qayıtdı, demokratik ölkələrin təcrübəsindən istifadə etdi.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu var idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə yönəltməyə çalışıb. Lakin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəltdi. Belə ki, Ulu Öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalaşdırılması idi. Bununla da Azərbaycan dövlətinin əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli mənəvi dəyərləri başlıca dayağa çevrildi. Milli – mənəvi dəyərlər və azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji – siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət - ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar – gizli tədbirlər həyata keçirmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı isə gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli – mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir.

Milli dövlətçilik və milli – mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata keçirtdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən Ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix – diyarşünaslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”- bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi.

Bu gün Azərbaycanın dövlət müstəqilliyi gündən – günə möhkəmləndirilməkdədir, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha sürətlə inkişaf etməkdədir. Dövlətçiliyin təməlinin, milli varlığın özülünün mədəniyyətə bağlı olduğunu aydın dərk edən ulu öndər Heydər Əliyev deyib: “Biz öz milli mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasi-mədəni xəttin layiqli davamçısı Prezident İlham Əliyevin inamla və sədaqətlə həyata keçirməkdə olduğu mədəniyyət siyasətinin uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən ümummilli liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli – mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli – mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz. Prezident İlham Əliyev dəfələrlə Azərbaycan xalqının hər zaman milli mənəvi dəyərlərinə sadiq olduğunu söyləyib. Dövlətimizin başçısı bildirib ki, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlaya bilir və bu gün müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli mənəvi dəyərlər üzərində həyata keçirilir. Bu gün Ulu öndərin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə onun xanımı, Azərbaycan Respublikasının birinci Vitse – Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci Xanım ənənəsini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Günel Məmmədova,

YAP Gənclər Birliyi ofisinin koordinatoru

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...