"Amnisty İnternational” sifariş yerinə yetirir" RƏY - ÖZƏL

“Azərbaycanı sevməyən bəzi qüvvələr ölkəmizə qarşı “qarayaxma” kampaniyası aparmaq üçün fürsət axtarırlar. Bir müddət idi ki, həmin qüvvələr fəaliyyətə başlamışdılar. Bu baxımdan “Amnisty İnternational” təşkilatının Avropa Liqasının final oyunun Bakıda keçirilməsi məsələsində insan hüquqları ilə bağlı məsələni gündəmə gətirməsi də sifariş xarakteri daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, Azərbaycan erməni əsilli futbolçunun ölkəmizdə təhlükəsizliyi ilə bağlı bütün lazımı şərait yaradıb və bununla bağlı bütün zəruri addımlar atılıb.

Politoloq söyləyib ki, bu baxımdan sözügedən idmançının təhlükəsizliyinin qarantı bəyanat şəklində deyil, konkret addımlarla verilib: “Biz bunu hər zaman etmişik, indidə edir və gələcəkdə də edəcəyik. Çünki, erməni əsilli futbolçu Henrix Mxitaryan Azərbaycana gələn ilk idmançı deyil. Bundan əvvəl Azərbaycanda keçirilən müxtəlif yarışlarda erməni əsilli idkançıları iştirak edib. Hətta onlar Dövlət başçısı tərəfindən mükafatlandırılıb. Bu da Azərbaycanın tolerantlığının göstəricisidir”.

F. Sadıqov qeyd edib ki, erməni əsilli idmançının Azərbaycana gəlməsi ilə bağlı heç zaman problem yaşanmayıb: “ Sadəcə olaraq hər zaman təxribatçı mövqedə olan qüvvələr, təşkilatlar bunu bəhanə edərək Azərbaycana qarşı siyasiləşmiş addımlar atırlar. Amma bütün bunlar əlbəttə ki, ölkəmizi ruhdan salmır. Çünki biz dəfələrlə belə hallarla rastlaşmışıq və onlara yanlış olduqlarını sübut etmişik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə