"Radikallar eyni mərkəzdən sifariş almaqla əleyhidarlarımızla birgə çalışır" ÖZƏL-ŞƏRH

“Beynəlxalq antiazərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib. Bu əlbətdə təsadüfi deyil. Çünki 2019-cu ildə Azərbaycan bir sıra mühüm əhəmiyyətli beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə imza atacaq, ötən illərdə həyata keçirilən islahatların bazasında milli iqtisadiyyatın daha da böyüməsini təmin edəcək, beynəlxalq nüfuzundan istifadə etməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində real nəticələr əldə etməyə çalışacaq, sosial islahatları davam etdirməklə yeni, daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün yeni əlverişli şərtlər formalaşdıracaq, ordu quruculuğu işini davam etdirəcək və s”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, hazırki mürəkkəb beynəlxalq və regional şərtlər içərisində ölkəmizin əldə etdiyi bu qədər uğurlar heç şübhəsiz ki, antiazərbaycan mövqeli mərkəzləri ciddi şəkildə narahat edir: “Ən çox narahatlıq keçirən isə işğalçı Ermənistan və onun beynəlxalq havadarlarıdır. Erməni simpatizanı olan bu beynəlxalq şəbəkə islamafob mərkəzləri və ölkəmizdə yaratmağa çalışdıqları 5-ci kalon üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salamq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirlər. Bir qədər konkret ifadə etməyə çalışsaq görəcəyik ki, hazırda antiazərbaycan şəbəkənin ən çox siyasi istismara məruz qoyduğu mövzu Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı strateji tərəfdaşlıq müqaviləsidir. Bunun başlıca səbəbi isə odur ki, həmin müqavilədə Aİ-yə üzv olan ölkələrin hamısı tərəfindən bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi öz əksini tapacaq. Bu isə işğalçı Ermənistan və onun lobbisi ilə əlaqədar olan şəbəkəni ciddi şəkildə narahat edir. Çox maraqlıdır ki, Azərbaycandakı bəzi radikal müxalif marginallar da Azərbaycanı məhz bu məsələdə tənqid etməklə əslində ermənilərlə sinxron hərəkət etdiklərini göstərirlər. Bunu isə Azərbaycan cəmiyyətinə guya Avropa İttifaqı ilə imzalanacaq sazişin milli maraqlarımıza cavab vermədiyi ilə izah etməyə çalışırlar. Ancaq əlbətdə ki, ölkəmizdə hər kəs bunu başa düşür ki, radikallar eyni mərkəzdən sifariş almaqla milli maraqlarımıza qarşı əleyhidarlarımızla birgə çalışırlar. Başqa bir mühüm məsələ ondan ibarətdir ki, bu il Cənub Qaz Dəhlizi layihəsi tamamlanacaq və beləliklə ölkəmiz həm iqtisadi baxımdan daha da güclənəcək, həm də siyasi baxımdan beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də artıracaq. Bu faktor isə Dağlıq Qarabağ probleminin həllində bizi daha da güclü edəcək. Bu faktor da işğalçı Ermənistanın lehinə deyil.

Nəhayət ən ümdə məsələlərdən biri Azərbaycanda həyata keçirilən kompleks islahatlar və onun xalq tərəfindən dəstəklənməsidr. “Opinion Way” sorğu şirkətinin sorğu anketlərində əksini tapan xalq-iqtidar birliyi nümunəsi də antiazərbaycan mərkəzlərin ciddi narahatlığına səbəb olub. Məsələ ondadır ki, Azərbaycanın inkişafına və onun müstəqil siyasətinə mane ola bilməyən güc mərkəzləri onu daxildən parçalamaqla zəiflətmək və beləliklə də Qarabağ problemini bir dəfəlik yaddan çıxarmaq istəyirlər. Diqqət etsək görəcəyik ki, nə xaricdə bizə qarşı fəaliyyət göstərən “mühacirət müxalifəti”, nə də Azərbaycanda olan marginallaşmış müxalif qrup problemlərdən danışan zaman bir dəfə də olsun Qarabağ problemindən danışmırlar. Çünki onlar sadəcə antiazərbaycan mərkəzlərdən aldıqları təlimatla hərəkət edirlər. Bütün bunlar isə Azərabaycan xalqının diqqətindən əsla yayınmır və xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə sövq edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə