"Azərbaycan dinamik inkişafını sabitlik şəraitində təmin edir" RƏY-ÖZƏL

“Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr bir daha göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

Deputat bildirib ki, hər bir ölkə məhz sabitlik və təhlükəsizlik şəraitində iqtisadi potensialından səmərəli şəkildə istifadə edə və insanların rifah halının yaxşılaşması üçün davamlı tədbirlər həyata keçirə bilər: “Bu mənada, müstəqil Azərbaycan özünün dinamik inkişafını məhz sabitlik və təhlükəsizlik şəraitində təmin edir”.

Son 16 ildə ölkəmizin bütün sahələrində mühüm uğurların əldə olunduğunu deyən M.Xəlilov qeyd edib ki, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib: “Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də davamlı tədbirlər görülür”.

Onun sözlərinə görə, ötən illər ərzində dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı az olub: “Bu dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə