"Ankara Venesuella ilə də ipləri qoparmalı olacaq" ÖZƏL-MÖVQE

“Soyuq müharibə” illəri olsaydı Türkiyə ABŞ və digər Qərb dövlətlərinin ardınca Xuan Quaydonu Venesuellanın müvəqqəti prezidenti kimi tanıyardı. Ancaq Ankara Nikolas Maduronu Venesuella prezidenti kimi tanıyır". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Birincisi, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan özünə mənəvi borc bilir ki, Maduronu dəstəkləsin. Çünki, Türkiyədə hərbi çevrilişə cəhd zamanı Ərdoğana zəng edib onu dəstəkləyən ilk prezidentlərdən biri məhz Maduro idi. İkincisi, Maduorun Türkiyəyə sevgisi var, türk seriallarının aşiqidir. Üçüncü səbəb isə odur ki, dövran dəyişib Ankara Vaşinqtonun hər dediyini etmir, tam əksinə bir çox məsələdə tərs düşüblər.

Buna baxmayaraq, Ərdoğana yaxın türkiyəli ekspertlər belə hesab edirlər ki, Maduro-Quaydon mübarizəsində ikincinin qələbə çalmaq şansı çoxdur, çünki müxalifət liderinin arxasında Amerika və onun kəşfiyyat maşını dayanıb və Venesuelladakı ağır iqtisadi və sosial vəziyyət Maduorun xeyrinə deyil. Demək bir müddət keçdikdən sonra Ankara bir nəfərə verdiyi dəstəyə görə Misirlə münasibətlərdə olduğu kimi Venesuella ilə də ipləri qoparmalı olacaq"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə