Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət... - HEYDƏR ƏLİYEV

Bu sözlər dahi siyasətçi, fenomenal şəxsiyyət, Ulu Öndər Heydər Əliyev haqqındadır

Gələcəyin nədən asılı olacağı bəşəriyyəti daima maraqlandıran suallardan biri olub. Bir insan epoxaya və zamana təsir edə bilərmi? Tarixin gedişatına təsir etmək mümkündürmü? XX əsrin sonlarında Azərbaycanda baş verən hadisələr bu suallara müsbət cavab vermək imkanı verdi. Bəli, bu şəxsiyyət qeyri-adi olmalı, bənzərsiz xüsusiyyətləri özündə cəmləşdirməlidir. Bəşəriyyətin minilliklərə bərabər tarixində görkəmli siyasətçilər, ictimai xadimlər ölkəni və hətta sivilizasiyanı yeni inkişaf mərhələsinə apara biliblər. Biz XX əsrin sonlarında tarixin keşməkeşli dövrlərini yaşadıq, eyni zamanda isə, bu çətin dövr idi - ictimai quruluşun dəyişdiyi bir dövr. Azərbaycanın siyasi və ictimai həyatında qlobal hadisələr baş verən dövrdə biz ümumi böhranın, dünyada Azərbaycanın imicinin enməsinin şahidi olduq. Bu gün isə, Azərbaycan Respublikası stabillik dövründə yaşayır, xarici investorlar öz sərmayələrini ölkəmizə yatırır, kənd təsərrüfatında pozitiv dəyişikliklər baş verir. Bu nəticələrin əldə olunmasında Dahi Öndər Heydər Əliyevin apardığı siyasətin rolu misilsizdir. Hakimiyyətdə struktur dəyişikliklərin aparılması, icra intizamının yüksəldilməsi, iqtisadiyyatın tənzimlənməsi, beynəlxalq siyasi arenada Azərbaycanın mövqeyinin durmadan möhkəmlənməsi bu uzaqgörən siyasətin nəticəsi oldu. Azərbaycan vətəndaşlarının vətənpərvərlik ruhunun yüksəldilməsi, gələcəyə inamın formalaşması, milli ruhun yüksəldilməsi Ulu Öndərin yorulmaz əməyinin bəhrəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi və hər bir sətri Ulu Öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb.

Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurları, dünyada yerinin və rolunun möhkəmlənməsi və digər sahələrdə mütərəqi nəticələr Ümummilli Liderin şəxsi xüsusiyyətlərinin və gərgin əməyinin nəticəsi olub. Tarixi hadisələrə və zamanın axarına təsir göstərmək, ölkəyə ustalıqla rəhbərlik etmək, prinsipial beynəlxalq siyasət aparmaq üçün, həqiqətən güclü, görkəmli siyasətçi, nəhəng insan olmaq lazımdır. Məhz Heydər Əliyevin şəxsi xüsusiyyətlərinə görə, təkcə, Ona hörmət edənlər deyil, Onun rəqibləri belə bu nəhəng siyasətçiyə hörmətlə yanaşır, Onun fikirləri ilə hesablaşırlar. Ulu Öndərin bacarığı, dəqiqliyi, cəsarəti və uzaqgörənliyi hamını valeh edib.

Xatırlayıram, görkəmli qırğız yazıçısı, dünya şöhrətli Çingiz Aytmatov Ulu Öndər Heydər Əliyev haqqında belə demişdir: "Heydər Əliyev, doğurdan da, tarixi, hətta əfsanəvi şəxsiyyətdir. Bu, sovet dövründə də belə olub, bu indi də, çox mürəkkəb olan müasir dünya şəraitində də belədir. O, həmişə xalqın xidmətində olub".

Bu sözləri dərindən analiz edərkən, düşünürəm ki, Ulu Öndər bir çox siyasi liderlərə müasir dövrün ən çətin və aktual anlarına hazır olduğunu nümayiş etdirdi. Məhz Onun zəngin siyasi təcrübəsi, geniş dünyagörüşü nəticəsində bu gün Azərbaycanda stabillik, tolerantlıq, mədəniyyət, milli-mədəni dəyərlər qorunub-saxlanılıb. Bunlar Azərbaycan dövlətinin müasir inkişafını təmin edən əsas faktorlardır. Azərbaycan xalqı Heydər Əliyevi Ümummilli Lider kimi qəbul edərək, Onun əbədi xatirəsini daima yad edir. Onun şəxsiyyəti unudulmur, bütün şəhər və rayonlarda abidəsi ucaldılır. O, Azərbaycanı vahid, bölünməz bir varlığa çevirdi, hər bir region isə, bu vəhdətin ayrılmaz bir hissəsi oldu. Müsbət cəhətləri ilə Azərbaycanın ən yeni tarixinə daxil olan Ulu Öndər Heydər Əliyev hamını heyran edib: enerjili, cəsarətli siyasətçi, eyni zamanda, sərt və çevik rəhbərlik metodlarının tərəfdarı. O, ölkəni ən qısa müddətdə çətin vəziyyətdən qurtardı.

Dahi Öndər Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində Onun misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. Ulu Öndər demişdir: "Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni çığırlar açırlar, yeni formalar meydana gətirirlər".

Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətinin qaldırılması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə "Kitabi-Dədə Qorqud" qədim yazılı abidəsinin, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev-muzeylərinin yaradılması, "Gülüstan" Sarayı, Opera Studiyası, Xoreoqrafiya Məktəbi memarlıq abidələri əlamətdar hadisələr idi.

Müasir dövrün çağırışlarına Dahi Öndər Heydər Əliyev çox həssaslıqla yanaşaraq, çevik reaksiya verirdi, Onun ümumbəşəri ideya və dəyərlərə söykənməsi, planetimizdə sülh və tərəqqinin, dostluğun bərqərar olunması istiqamətində gördüyü işlər tarixə qızıl hərflərlə yazıldı. Azərbaycanda möhkəm stabillik yaradan Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da ciddi addımlar atdı, atəşkəsə nail oldu. Bu, çox çətin və məsuliyyətli işlər idi. C.Buş, S.Dəmirəl, R.Ərdoğan, V.Putin və bir çox ölkə başçıları Ulu Öndər Heydər Əliyev liderliyinin danılmazlığını qeyd edərək, onun müdrik kəlamlarına daima diqqət yetirirdilər, Onu siyasi nəhəng adlandırırdılar. B.Klinton Qafqaz regionunda və Mərkəzi Asiyada sülhün və stabilliyin bərqərar olunmasında Heydər Əliyevin xüsusi xidmətlərini qeyd edirdi. Həqiqətən, dünya bazarlarına Xəzərin zəngin resurslarının alternativ yollarla çıxarılması Ulu Öndər Heydər Əliyevin liderlik xüsusiyyətlərinin bariz nümunəsi oldu. Bu qeyri-adi şəxsiyyət qətiyyətliyi ilə yanaşı, öz müdrikliyi, cəsarəti, uzaqgörənliyi, siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və nüfuzu ilə seçilirdi.

N.Nazarbayevin sözlərinə görə, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinə gələcək nəsillər daha geniş qiymət verəcək. Bu, bir həqiqətdir. Onun aydın, ardıcıl siyasəti və mövqeyi bir çox siyasi xadimlər üçün böyük məktəb və nümunə olmuşdur. Heydər Əliyev fenomeninin Qafqazın və Azərbaycanın azadlığında rolu böyük və danılmazdır. O, bənzərsiz və unikal şəxsiyyət idi. Tanınmış politoloqlar Heydər Əliyevi belə xarakterizə edirlər: "Heydər Əliyev siyasi nöqteyi-nəzərdən güclü, məntiqli, intellektual, bir sözlə, qeyd- şərtsiz liderdir".

Ulu Öndəri xarizmatik lider və fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev, məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Ulu Öndər Heydər Əliyevin fərdi naturasının özünəməxsus çalarları idi. Ümummilli Liderimiz zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: "Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır". Mədəniyyətimizə bu mövqedən yanaşan Ulu Öndərin sayəsində Azərbaycan musiqisi, rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti qazanmışdır. Bütün bunlar Heydər Əliyevi dünya şöhrətli lider, dünya miqyasında tanınmış siyasətçi və unikal dövlət xadimi kimi xarakterizə edir. Ulu Öndəri gələcəyin yolunu işıqlandıran çevik insan adlandırmaq olar, onun təcrübəsi və idarəçilik məktəbi həmişə aktual olacaq. "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - sözləri bu böyük şəxsiyyətin və böyük insanın torpağına, Vətəninə və xalqına bağlılığını bir daha təsdiq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu siyasət uğurla davam etdirilir. Azərbaycanın prestiji və nüfuzu artır. Böyük quruculuq işlərindən danışarkən, Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu qeyd olunmalıdır. İnsanlar var ki, onlar tarix yaradırlar, Heydər Əliyev belə insanlardan idi. Dahi Öndər Heydər Əliyevin həyat və fəaliyyəti çoxlarına məlumdur. Lakin, Onun həyat yolunun dərindən və hərtərəfli öyrənilməsi bizim gələcək inkişafımızı müəyyən edir.

Vüqar SEYİDOV,

YAP Suraxanı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə