Dövlət İdarəçilik Akademiyasında anım tədbiri keçirilib

Müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olub
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı dekabrın 11-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında anım tədbiri keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndərin Akademiyadakı büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ümummilli liderə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu deyən Urxan Ələkbərov qeyd edib ki, Azərbaycanın müasir tarixində müdrik siyasətçi Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca, daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq. Rektor Ümummilli Liderin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın tarixindəki rolundan, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışıb. Bildirib ki, xalqımızın ən çətin günlərində köməyinə çatan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunmasına və ölkənin hərtərəfli inkişafına nail olub.

Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi-elmlər doktoru, professor Elçin Əhmədov qeyd edib ki, 1969-cu ildə ilk dəfə hakimiyyətə gələn ümummilli lider Azərbaycanda sənaye infrastrukturunu inkişaf etdirdi, ermənilərin əsassız ərazi iddiaları qarşısını aldı.

Professor Elçin Əhmədov bildirib ki, müstəqilliyinin ilk illərində Azərbaycanda gərgin hərbi-siyasi vəziyyət hökm sürürdü. Ölkə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni həyatında böyük dəyişikliklərin başlanğıcını qoydu. Məhz Heydər Əliyev Azərbaycan xalqını ağır vəziyyətdən çıxardı. İlk olaraq cəbhədə atəşkəs elan olundu, Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı sayəsində ölkəni təcrid vəziyyətindən çıxaran “Əsrin müqaviləsi” imzalandı. Beləliklə, Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu.

Milli Məclisin deputatı, professor Elman Nəsirov ümummilli lideri Heydər Əliyevin Vətənə, xalqa həsr olunan və hər kəsə örnək olan ömür yolundan danışıb, qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev keçmiş sovetlər dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu məsələsinə də xüsusi diqqət yetirib. Milli Məclisin deputatı qeyd edib ki, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Müasir mütəşəkkil Azərbaycan Ordusunun yaranması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.

Tədbirdə digər çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə