Əli Əhmədov: “Beynəlxalq təşkilatlar ikili standartlar azarından qurtula bilmirlər” - MÜNASİBƏT-SƏS TV

“Ermənistanda keçirilmiş parlament seçkilərindən danışarkən burada ikili standartlardan danışmağa ehtiyac yaranır”. Bunu SİA-nın əməkdaşının sualına cavab verən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

“Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlar bir çox məsələlərdə, o cümlədən də seçkilərə münasibətlərini ifadə edərkən ikili standartlardan qaça bilmirlər. Bu onların Ermənsitanda keçirilən və ciddi pozuntularla müşaiyət olunan seçkilərə biganə qalmaları və o nöqsanlara münasibəti açıq şəkildə ifadə etməmələrində də özünü göstərir. Amma yəqin ki, beynəlxalq təşkilatların ikili standartları insanların, xalqın, əhalinin münasibətinə o qədər də təsir etmir. Ermənistanda ciddi pozuntularla baş verən seçkilərin nəticəsinə yəqin ki, sadə erməni vətəndaşları, xalqı öz etirazını bildirir və bundan sonra da bildirəcək. Bununla da beynəlxalq təşkilatlar ikili standartları ilə özlərini növbəti dəfə ifşa etmiş olacaqlar. Onlar ikili standartlar azarından qurtula bilmirlər”, - deyə, YAP-ın Sədr müavini fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə