Qələbələr və qaliblər partiyası FOTOLAR

YAP Səbail rayon təşkilatı ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü qeyd edilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26 illiyi ilə əlaqədar partiyanın Səbail rayon təşkilatı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədbir keçirib. SİA xəbər verir ki, əvvəlcə tədbirdə ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova Yeni Azərbaycan Partiyasının 26 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində, Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. O, tarixə qısa ekskurs edərək, partiyanın yaranması tarixindən danışıb, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətinə olduğunu, bu böhrandan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin çıxartdığını, xalqın ziyalılarının müraciəti ilə 1992-c il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirib: "YAP yarandığı ilk gündən mürəkkəb ictimai-siyasi prosesləri dəqiq qiymətləndirən, onlara elmi və dəqiq münasibət bildirən, siyasi hadisələri elmi-siyasi proqnozlarla dəyərləndirən bir siyasi təşkilat kimi fəaliyyətə başladı. Xüsusən, bu aparıcı siyasi qüvvənin yaranması ilə demokratiya, azadlıq, müstəqillik kimi çox önəmli amillər ölkəmizdə öz təcəssümünü tapdı".

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məslisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov çıxış edərək,partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında fikirlərini bildirib: "Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı".

E.İbrahimov vurğulayıb ki, Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan YAP-ın möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır: "Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir. Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanır".

Tədbirdə "SƏS" " Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın keçdiyi 26 illik şərəfli yoldan danışıb: "Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda vəziyyət dözülməz idi, buna görə də ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu müraciət "SƏS" qəzetində dərc olundu. İndi demək asandır, ancaq həmin vaxt "SƏS" qəzetinin belə bir addım atması olduqca cəsarətli bir addım idi. O zaman Yeni Azərbaycan Partiyası, məhz müxalifət partiyası kimi yaradılmışdı. Lakin müxalifətçilik xalqa qarşı deyildi. Bu müxalifətçilik müstəqilliyimizi təhlükə altına salan hakimiyyətdə olan bədnam insanlara qarşı idi. Çünki Ulu Öndərin Azərbaycana qayıdışını istəməyən qüvvələr hakimiyyətdə idilər və vətənini və dövlətini ağır durumdan çıxarmaq istəyənlərə qarşı əsl terror siyasəti həyata keçirirdilər".

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər, artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində, məhz Dahi Öndər Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır.

Şəmsəddin Hacıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib: "Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir".

Sonda YAP sıralarına yeni qəbul olunanlara partiyanın vəsiqələri təqdim olunub

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə