“Qondarma Dağlıq Qarabağda puldilənmə kampaniyası başlayır" ÖZƏL-MÖVQE

“Ümumiyyətlə bizim indiki siyasətimiz ən azı reallaşma texnologiyasına görə əvvəlkindən fərqlənməlidir. Biz siyasətimizi çox incələşdirməliyik. Yəni bizim politoloqlar incə diplomatiya texnologiyasını öyrənməlidir. Ən böyük beşlik, ikilik hamısı oradadır. Bütün hiyləgərliklər hamısı o incə diplomatiya deyilən məfhumun içində yerləşir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, indi Fransada bir qrup erməninin, eləcə də bir qrup fransızın Azərbaycana münasibəti eyni ilə bu incə diplomatiya üzərində qurulub: “Ona görə də biz onlara həmin incə diplomatiya ilə cavab verməliyik. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri Fransa dövləti tərəfindən reallaşdırılmayıb. Qondarma "Dağlıq Qarabağ Respublikası"nda puldilənmə kampaniyası başlayır. Mən sizə dəqiq deyə bilərəm ki, Saakyan Fransadan Amerikaya gedəcək. O Amerikada da ermənilərlə görüşəcək və Ermənistanın İctimai televiziyası ilə Amerikadan canlı bağlantı quracaq. Bako Saakyan hamıya müraciət edəcək ki, pul köçürün. Yəni o məqsədini gizlətməklə bizlə Fransa arasında gərginlik yaratmağa çalışır. Biz bunu tutmalıyıq. Amma ədalət naminə Fransada Azərbaycan Prezidentinin siyasətinə inananların və güvənənlərin həddi çoxdur.

Biz Fransa ilə bağlı mövqeyimizi elə qurmalıyıq ki, o bizə inanan və güvənənləri özümüzə bir qədər də bağlıyaq. Fransa yeganə dövlətdir ki, onun Dağlıq Qarabağ məsələsində hədsiz açıq, aydın anti-erməni fikir var. Yeganə dövlətdir ki, onun Dağlıq Qarabağla mövqeyində belə cümlə var ki, “Dağlıq Qarabağ Azərbaycanın mərkəzində olan və onun ayrılmaz tərkib hissəsidir”. Fransanın bizə doğru belə addımları var. Ona görə də biz bunları qorumağı bacarmalıyıq. Əgər Saakyan normal siyasətçi, insandırsa səfəri barədə tam məlumat versin və desin ki, mən “telemarafon”a qatılmağa gedirəm. Siz 3-4 gündən sonra görəcəksiniz ki, orada “telemarafon” başlayacaq. O Fransadan sonra Amerikaya gedəcək. Biz incə diplomatiya ilə işləməyi bacarmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə