“Xarici qüvvələrin təsiri ilə bir araya gəlsələr belə...” AÇIQLAMA

"Hazırda Müsavat partiyası ilə “REAL”ın bir ittifaqda birləşib birgə tədbir keçirmələri barədə müəyyən fikrə gəlmələri olsa da, bu ittifaqın asanlıqla baş tutacağı barədə qəti fikir bildirmək mümkün deyil". Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, çünki hər iki partiya funksioneri arasında isti münasibət və qarşılıqlı etimad mühitinin mövcudluğu hiss olunmur: "Əli Kərimliyə gəlincə isə, onun İlqar Məmmədovla eyni koalisiyada birləşmək ehtimalı sıfıra bərabərdir. Məlumdur ki, İlqar Məmmədovun son müsahibələrində, xüsusən AXCP-nin keçirdiyi mitinqləri ciddi tənqid etməsi, hətta mitinqlərin iqtidar üçün faydalı olduğunu iddia etməsi və sifarişlə keçirildiyini açıq dilə gətirməsi deyilən birliyin yaranması barədə rəylərin əlehinədir. Yəni yaxın gələcəkdə İsa Qəmbər - Arif Hacılı-Əli Kərimli - İlqar Məmmədov koalisiyasının yaranacağı barədə iddiaların heç bir əsası yoxdur. Aralarında ciddi fikir ayrılıqları mövcud olan bu şəxslər, hətta məlum xarici qüvvələrin təsiri ilə bir araya gətirilsələr belə, onların bir ittifaqda birləşməsi və birgə mübarizə aparması mümkün deyil. Əli Kərimli ilə İlqar Məmmədovun münasibətlərinin kəskinləşməsindən istifadə edərək, Arif Hacılının İlqar Məmmədova yaxınlaşıb onunla birləşməyə cəhd edəcəyi ehtimalı da real görünmür. Çünki İlqar Məmmədov Müsavat partiyası və onun rəhbəri Arif Hacılı barədə açıq ciddi tənqidi fikirlər söyləməsə də, onun bu partiyaya və onun rəhbərinə də dərin rəğbəti və etimadı duyulmur".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...