"Heç kim yaxasını kənara çəkə bilməz" ÖZƏL-ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası televiziyada böyük həvəslə sonadək izlədim. Doqquz ayın yekunları ilə bağlı müzakirə açmaq və qiymətləndirmə təbiidir ki, bir vətəndaş, ictimai fəal insan olaraq mənim üçün də maraqlı idi”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, cənab Prezident bu dəfə də əvvəlki qətiyyətliyini nümayiş etdirdi: “Yəni konkret məsələlər üzərində dayandı, ayrı-ayrı qüsurları qeyd etdi və onların aradan qaldırılması yollarını göstərdi. Eyni zamanda dövlət başçısı bir xəbərdarlığı da təkrarladı ki, bu cür problemlərə yol verənlər təbii ki, cəzasız qalmayacaqlar. Bu vətəndaş olaraq məni sevindirir. Ona görə sevindirir ki, cənab Prezident bu sözü sadəcə söz olaraq demir. Əvvəlki toplantılarında, çıxışlarında da hər zaman bu cür xəbərdarlıqlar edirdi. Xəbərdarlığa məhəl qoymayan, bu və ya digər şəkildə Prezidentin etimadını doğrultmayanlarla bağlı da təbii ki, sərt tədbirlər görürdü. Ona görə də mən sevinirəm ki, bu məsələlərin üzərinə bu qədər qətiyyətlə gedilir. Hər halda nazirlər başda olmaqla bütün məmurlarımız, dövlət rəsmiləri bu çıxışdan, çağırışlardan və xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar.

Azərbaycan artıq elə bir mərhələdədir ki, bu mərhələdə heç kim yaxasını kənara çəkə bilməz, ölkəmizin inkişafını əngəlləyə bilməz və heç kim də vətəndaşlardan narazılıq yaradacaq əməllərə yol verə bilməz. Cənab Prezident bütün bunları açıq-aydın bir şəkildə ifadə etdi. Düşünürəm ki, dövlət başçısının komandasının üzvü olduğunu sananlar, onun komandasına yer alanlar mütləq cənab Prezidentin bu çağırışlarına, fikirlərinə diqqətli və hörmətlə yanaşmalıdırlar. Təbii ki, yanaşmayacaqları təqdirdə cənab Prezident özü nə edəcəyini və işlərin necə olacağını artıq deyib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...