Ermənistan rəhbərliyi bu cavabdan dərs çıxarmalıdır

“Hərbi paradda nümayiş etdirilən texnikalar, əsgər-zabitlərin hazırlığı düşmənə siqnaldır ki, otursun yerində, yoxsa axırı pis olar”

Prezident İlham Əiyevin bugünlərdə Biləsuvara və Masallıya etdiyi səfəri çərçivəsində işğalçı Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi qətiyyətli, eləcə də layiqli cavabı bir daha sübut etdi ki, bu gün həmin ölkədə pafos və eyforiyaya qapanmış hakimiyyət çox qısa zamanda iflasa uğrayacaq.

Söz yox ki, bu reallığı əslində, Ermənistan hakimiyyəti də anlayır və dərk edir ki, əslində bu ölkənin ordusu dünyanın ən zəif və qabiliyyətsiz ordularına malikdir, o cümlədən, güclü, dünyanın 50 ən güclü ordusu içində yer alan Azərbaycanın şanlı Silahlı Qüvvələri ilə ümumiyyətlə müqayisə oluna bilməz. Məhz bu baxımdan, “Ermənistan indi çox ağır vəziyyətdədir. Ermənistan ordusu Azərbaycan Ordusu ilə rəqabət apara bilməz” bəyanatını verən dövlət başçımız hələ ki, işğalçıların düşünməyə və doğru nəticə çıxarmağa vaxtlarının olduğuna işarə edib.

“Ermənistanın rəhbərliyinə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir”

Hazırda hakimiyyətə “məxməri inqilab” yolu ilə yiyələnmiş mövcud hakimiyyətin siyasi bisavadlığı, naşılığı, diplomatik siyasətə malik olmaması bu ölkədə növbəti diktatura rejiminin yaranmasına doğru gedir.

Prezident İlham Əliyev bununla bağlı bildirib ki, daha öncəki rəhbərliklər də diktatura rejimi yürüdüblər: “İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ermənistanın rəhbərliyinə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir”.

Buna misal olaraq, Nikol Paşinyanın sərsəm bəyanatlar səsləndirdiyini də deyən Prezident İlham Əliyev işğalçı hakimiyyətin öz uğursuzluqlarını gizlətmək üçün cəbhə xəttində qəsdən gərginlik yaradırlar, təxribatlara yol verirlər.

“Azərbaycan əsgərləri onlara elə dərs verdilər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər”

“Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətlərini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar”, deyə vurğulayan ölkə başçımız Silahlı Qüvvələrimizin bu cür təxribatların qarşısını sərt şəkildə aldığını bildirib və düşmənin bütün bunlardan nəticə çıxarmalı olduğunu bəyan edib: “Azərbaycan Ordusu onlara layiqli cavabını verir sonra da verəcəkdir. Bir neçə gün bundan əvvəl Azərbaycan əsgərləri onlara elə dərs verdilər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər”.

Ümumiyyətlə, bu bir daha sübut edir ki, Azərbaycan Ordusunun qüvvəti və gücü daha artır. Belə ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü ilə bağlı keçirilən möhtəşəm hərbi paradda həmin reallıq öz təsdiqini tapmış oldu. Ölkə rəhbərimiz vurğulayıb ki, Azərbaycan Ordusu daha da güclənəcək, onun döyüş qabiliyyəti daha da möhkəmlənəcək: “Hərbi paradda nümayiş etdirilən texniki imkanlar, əsgər-zabitlərin hazırlığı düşmənə siqnaldır ki, otursun yerində, yoxsa axırı pis olar”.

Beləliklə, Prezident İlham Əliyevin düşmən ölkənin diktator və işğalçı rəhbərliyinə verdiyi qətiyyətli və layiqli cavabı onlar üçün dərs olmalıdır. Əks halda, necə deyərlər, özlərindən küssünlər...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə