Serbiya prezidenti Milli Məclisdə oldu

Mayın 22-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, sədr qonaqları səmimi salamlayaraq, bu səfərin münasibətlərimizin inkişafında əhəmiyyətli rol oynayacağına inamını bildirib. Qeyd edilib ki, Ali qonaq bununla ikinci dəfədir ki, Milli Məclisdə olur. Bu, özlüyündə parlamentlərarası əlaqələrin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Qonağın Serbiya Prezidenti kimi ölkəmizə ilk rəsmi səfəri çərçivəsində keçirilən görüşlərin və imzalanan sənədlərin əhəmiyyətindən danışan Spiker münasibətlərimizin daha da dərinləşməsi üçün böyük imkanlar olduğunu söyləyib. Bildirilib ki, dövlət başçılarının mütəmadi görüşləri, aparılan danışıqlar münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Bu günədək ölkələrimiz arasında 33 sənəd imzalanıb.
Siyasi dialoqun yüksək səviyyəsi gələcəkdə iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərəcək. Bizim ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyadan və keçiriləcək biznes forumlardan gözləntilərimiz böyükdür.

Humanitar-mədəni sahələrdə əməkdaşlığımız təqdirəlayiqdir. Serbiyanın Novı Sad şəhərindəki “Müqəddəs Petka” kilsəsinin və Belqraddakı “Bayraqlı Cami” məscidinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə təmir və bərpasını, Belqrad şəhərinin Taş Maydan parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəllərinin ucaldılmasını humanitar əməkdaşlığımızın nümunəsi kimi göstərmək olar.

Görüşdə Sədr parlamentlər səviyyəsində münasibətlərimizin də yüksək səviyyədə olduğunu, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.
Sədr tarixin müəyyən dönəmində separatizmlə üzləşmiş Serbiyanın ölkələrin ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqeyi yüksək dəyərləndirib. Bildirilib ki, bu məsələdə tərəflər həmrəydir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Serbiya Respublikasının Prezident Aleksandr Vuçiç ölkəmizə səfərindən, burada gördüklərindən məmnun qaldığını söyləyib. Ali qonaq bildirib ki, hər dəfə Bakıya gəlişində ölkə paytaxtının necə dəyişdiyinin şahidi olur. Bütün bunlar ölkə başçısının apardığı siyasətin, görülən işlərin nəticəsidir. Biz Azərbaycanın ölkələrin ərazi bütövlüyü məsələsində tutduğu qəti mövqeyə görə Azərbaycan xalqına və dövlətinə minnətdarıq.

Serbiya və Azərbaycan dost ölkələrdir. Ölkələrimiz arasında iqtisadi, ticari münasibətləri dərinləşdirmək günün tələbidir. Beynəlxalq forumlarda və nüfuzlu təşkilatlar çərçivəsində deputatlarımızın mütəmadi görüşlərini əhəmiyyətli hesab edirik. Zənn edirik ki, bu münasibətləri gələcəkdə də inkişaf etdirmək ümumi mənafelərə xidmət edir.

Söhbətdə Ali qonaq Milli Məclisin Sədrini öz ölkəsinə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olunub.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Məlahət İbrahimqızı, ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov, Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiç və digər rəsmi şəxslər iştirak ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə