"SƏS" Media Qrupu UNEC-lə birgə konfrans keçirib YENİLƏNİB-FOTOLAR - VİDEO

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və “SƏS” Media Qrupun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin Varisidir” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkilləri, tarixçi alimlər, media qurumlarının rəhbərləri, UNEC-in müəllim və tələbələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar UNEC-in foyesində yaradılmış foto-sərgi və eksponatlarla tanış olublar.

Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi: “Hökumət bu məsələni bir tərəfdən ölkədə ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən azərbaycanlı gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə həll etməyə çalışırdı”.

Rektor deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb: “Çünki bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlib və çox çətin şəraitdə fəaliyyət göstərib”.

Daha sonra “SƏS” Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsidir. “Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olub. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırıb. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunur. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib”.

Bəhruz Quliyev əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib: “1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir”.

AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətini zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyan, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayan bir respublika kimi xarakterizə edib: “Müsəlman dünyasına respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin “Dan Ulduzu” oldu. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülmü altında inləyən xalqların olmaması eyni zamanda Cümhuriyyətin təsiridir”.

Deputat əlavə edib ki, Cümhuriyyətin elan edilməsi göydəndüşmə olmadı: “Məlumdur ki, çarizmin Azərbaycanın şimalını işğal edib ilhaq edənə qədərki müəyyən dövrdə xalqımızın zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycanın ərazisi və xalqı iki yerə bölündü”.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev isə qeyd edib ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır: “XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm bir hadisə idi. İlk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir. Təəssüflər olsun ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, amma onun qoyduğu ənənələr əsrin sonunda Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi”.

M.Quliyev vurğulayıb ki, müasir Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi də tarixə, tarixi şəxsiyyətlərə hörmətin ifadəsidir: “Prezident İlham Əliyev bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə dünyaya ölkəmizin böyük müstəqillik tarixinin olması barədə mesaj verdi. Eyni zamanda Azərbaycan xalqının dövlətçilik ənənəsinin olması və bu ənənənin yaşadılması, tarixi şəxsiyyətlərə hörmət edilməsi də bu ifadədə öz əksini tapır”.

Milli Məclisin üzvü Elman Nəsirli deyib ki, Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə də, həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq”. Natiq onu da qeyd etdi ki, istiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır: “Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər”.

YAP Siyasi Şurasının üzvü, tarix elmləri doktoru, professor, İradə Hüseynova bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi: “Bu bəyanat da sübut edir ki, ölkəmizdə dövlət səviyyəsində dövlətçilik ənənələrinə, dövlətçilik tarixinə böyük önəm verilir, 1918-1920-ci illərin cümhuriyyəti tariximizin şanlı səhifələrindən biri hesab edilir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması onun milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Əsrin əvvəllərində, 1918-1920-ci illərdə qurulmuş və cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, əsrin sonlarında, 1991-ci ildə müstəqil dövlət kimi tarix səhnəsinə qədəm qoyan Azərbaycan Respublikası artıq öz tarixinin üçüncü onilliyinə qədəm qoyub. Ölkəmizdə milli dövlətçilik günbəgün inkişaf edir və möhkəmlənir. Biz belə bir dövlətin vətəndaşları olduğumuzdan qürur duyuruq”.

BDU-nun mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru Anar İsgəndərov çıxışında diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cümhuriyyət tarixi araşdırılmağa başlandı: “Bu istiqamətdə Ümummilli liderimiz Heydər Əliyevin qərarları xüsusi qeyd edilməlidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün AXC-nin tarixi ciddi şəkildə araşdırılaraq sanballı elmi əsərlər yazılıb. Eyni zamanda, cümhuriyyətinin yaradıcılarına böyük ehtiram bəslənilir, onların adı əbədiləşdirilib. Prezident İlham Əliyevin AXC-nın 100 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncam da tariximizə verilən yüksək qiymətdir. Bu o deməkdir ki, Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixinə yüksək dəyər verir. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə müstəsna yer tutur”.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov öz çıxışında 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayıb, 1993-cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Ulu Öndər və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs edib. Bildirib ki, 28 may 1918-ci il Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı səhifəsidir. Müstəqilliyimizin qazanılmasında əməyi olan istiqlal mücahidləri ən böyük hörmət və ehtirama layiqdirlər. İkinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri vardır. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı, regionda və dünyada artan nüfuzumuz, beynəlxalq və mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi və təşkili təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin məntiqi nəticəsidir.

Tarixçi alim Boran Əziz isə deyib ki, Cümhuriyyətin bu xalqa qazandırdığı ən böyük nemətlərdən biri Azərbaycan adıdır: “Millətimiz öz azərbaycanlı adını unutmuşdu, Cümhuriyyət bunu yenidən qaytardı.Azərbaycan Xalq Cümhuriyyəti əvvəlki quruluş olmadan quruldu, bütün nazirliklər, ştat strukturları sıfırdan formalaşdırıldı. Azərbaycan dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin xüsusi yeri var. Qısa zamanda Azərbaycanda yaşayan bütün millətlərin təmsil olunduğu parlament yaradıldı. Burada rus, erməni, polyak və başqa millətlər də təmsil olunurdu. Parlament qısa müddət ərzində yaşamasına baxmayaraq, ordunun təşkili, vətəndaşlıq məsələləri, təhsil, insan hüquqlarının qorunması, aqrar məsələ kimi qanunlar qəbul etməyə nail oldu”.

Tədbirdə digər çıxış edənlər də mövzu ətrafında dəyərli fikirlərini bölüşüblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...