Rəsmi Vaşinqtonun separatizmə dəstəyi yolverilməzdir! ANALİTİK

Bako Saakyana Ermənistan üzərindən vizanın verilməsi beynəlxalq qanunların pozulması anlamını daşıyır

Sirr deyil ki, ABŞ-ın rəsmi dövlət qurumları dəfələrlə işğal altındakı Dağlıq Qarabağın separatçı rəhbərliyinə maliyyə və s. yardımlar ayırmaqla, dolayısı yolla işğalçılıq siyasətinə dəstək veriblər. O cümlədən, separatçı rejimin istər indiki, istərsə də daha əvvəlki rəhbərliyi Ermənistan üzərindən viza alaraq, ABŞ-a səfərlər edib, bu ölkədə müxtəlif beynəlxalq tədbirlərin iştirakçıları olublar. Bu baxımdan, qondarma “DQR”in “prezidenti” Bako Saakyanın Amerika səfəri də sözügedən amili ehtiva edir. Ona görə də, məhz bu kimi beynəlxalq qanunların, konvensiya qərarlarının pozulması haqlı olaraq, rəsmi Bakının sərt qınağı ilə nəticələnir, Vaşinqtona etiraz notaları verilir. Lakin təəssüf ki, ABŞ-ın Dövlət Departamenti, Konqresi və senatı bənzər hallardan nəticə çıxarmayaraq, münaqişə zonasında əldə edilə biləcək sülhün, daha dəqiqi, sülh danışıqlarının müsbət nəticə qazanması vasitələrinə ciddi əngəllər yaradırlar.

ABŞ “DQR” və s. bu kimi rejimlərin davamlı olmaları üçün şərait yaradır

Bu kimi arzuolunmaz halların –səfərlər və maliyyə yardımları fonunda mütəmadi olaraq yaşanması isə Azərbaycan dövlətinin maraqlarına zidd olmaqla yanaşı, ABŞ-ın separatçı rejimlərə dəstək göstərməsi anlamını daşıyır. Əlbəttə, ABŞ istənilən dövlətlə bu və ya digər şəkildə münasibət tərzini saxlaya bilər, ancaq işğalçı və separatçı rejimlərə dəstək məsələsi ortaya çıxanda bu addımlara qarşı münasibətin sərtliyi daha labüd görünür. Çünki ABŞ həmişə demokratiya və insan hüquqlarının müdafiəsi ətrafında bəyanatlar səsləndirir, bir sıra ölkələrə tövsiyələr verir, lakin başqa tərəfdən, “DQR” və s. bu kimi rejimlərin davamlı olmaları üçün şərait yaradır. Bu zaman sual yaranır ki, əgər rəsmi Vaşinqton bir tərəfdən Minsk qrupunun həmsədri kimi münaqişənin ədalətli həllinə çalışdığını bəyan edirsə, separatçı rejim rəhbərliyinə ABŞ-a səfər etmək üçün hansı səbəbdən münbit şəraitlər yaradır? Söz yox ki, belə qərarların verilməsi amerikalı rəsmilərin verdikləri daha öncəki məlum bəyanatlarını kölgə altında qoyur.

Azərbaycan ABŞ-ın belə hərəkətlərinə qarşılıqlı prinsiplər əsasında cavab verəcək!

Bu arada ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycan XİN-ə çağırılıb. Diplomatik qurumun rəsmi məlumatında qeyd olunur ki, Qarabağ separatçılarının lideri Bako Saakyanın Amerikaya getməsi və ABŞ Konqresində tədbirdə iştirak etməsi ilə bağlı səfirə etiraz notası təqdim edilib. Notada Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhər sakini B. Saakyana viza verilməsinin, onun ABŞ-da separatçı rejimin təbliğinə dair tədbir keçirməsinə və maliyyə vəsaiti toplamasına icazə verilməsinin qanunsuz olduğu göstərilir. Azərbaycan XİN bu addımı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə yönələn hərəkət, BMT TŞ qətnamələrinə uyğun beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir və bunun Azərbaycan-Amerika ikitərəflı sənədlərinə və ABŞ-ın rəsmi mövqeyinə zidd olduğunu bildirib.

Həmçinin, sözügedən addım rəsmi Bakı tərəfindən qərəzli hesab olunub və Ermənistan-Azərbaycan münaqişəsi məsələsində mövqe dəyişikliyi, ABŞ-ın ikili standartlarının təzahürü kimi qiymətləndirilib. Vurğulanıb ki, BMT TŞ-nin daimi üzvü olan ABŞ BMT TŞ-nin Qarabağ münaqişəsinə dair qətmanələrinin yerinə yetirilməsinə xidmət etməlidir. Eləcə də, ABŞ münaqişənin dinc yolla həllinə çağırmaqla, eyni zamanda qanunsuz rejimin təbliği üçün şərait yaratmaqla öz qərəzsizliyini və obyektivliyini şübhə altına alır. “Vaşintqonun bu addımı danışıqlar prosesinə, regionda sülhün və təhlükəsizliyin təminatna ciddi zərər vurur, regionda gərginliyin artmasına xidmət edir, Azərbaycanda ictimai rəydə inamsızlıq yaradır. Azərbaycan ABŞ-ın belə hərəkətlərinə qarşılıqlı prinsiplər əsasında cavab verəcək”-deyə ABŞ səfirinə verilən notada vurğulanır.

Boğazadan yuxarı səslənən demokratiya tövsiyələri...

Beləliklə, fakt budur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkə olaraq, ABŞ-ın dəfələrlə bənzər addımlara getməsi növbəti dəfə ikili standartların mövcudluğunun təzahürü olaraq qiymətləndirilə bilər. ABŞ-ın separatçı və işğalçı rejimlərə bu kimi şəraitlər yaratması isə bu ölkənin demokratik dəyərlərə yalnız kağız üzərində hörmət göstərdiyini, yaxud, bu kimi dəyərlər barədə tövsiyələr verərkən onları boğazdan yuxarı bəyan etdiyini əminliklə deyə bilərik. Əgər bənzər siyasətlərin davamı olacaqsa, söz yox ki, müstəqil və azad Azərbaycan dövləti daha adekvat tədbirlər görməklə, istər separatizmə, istərsə də ona dəstək göstərənlərə layiqli cavab verəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə