Milli Məclis komitələrinin birgə iclasında bir neçə qanun layihəsinə baxılıb

Fevralın 20-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib. SİA xəbər verir ki, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında”, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Yaşayış minimumu haqqında”, “Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda, Seçki Məcəlləsində, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxılıb. Bildirilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.

İclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qeyd olunub ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin birinci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deputatları maraqlandıran sualları cavablandırıb.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirə olunan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...