20 yanvar hadisələrinin canlı şahidi danışdı Şəhidlər tanınmaz halda idi

“1990-ci il yanvar ayının 13-də mən tələbə yoldaşımla bir yerdə “Aqroprom”un xətti ilə “Aqroprom”da işləyirdik. O zaman işlə əlaqədar olaraq Moskvaya yollanmışdıq. Elə alındı ki, oteldə qaldığımız zaman aşağa düşdüm ki, administratordan yanvarın 19-na kimi getmək vaxtını uzadım. 19 yanvar günü isə biz geri qayıtmalı idik. Amma gördük ki, ora xeyli sayda ermənilər toplaşıb. Biz oteldən yarımçıq getməli olduq. Oteldən ayrılarkən ləzgi dostlarımız var idi və onları yanımıza çağırdıq. Ləzgi dostlarımızdan biri dünya çempionu olmuşdu. Onların maşınları ilə getdik və qabağımızı kəsən olmamışdı. Amma yenə öz-özümə dedim ki, əgər bizi saxlasalar pasportu göstərərəm və deyərəm ki, biz ləzgiyik”. Bunu SİA-ya açıqlamasında 20 yanvar hadisələrinin canlı şahidi olmuş Bədirxan Haqverdiyev deyib.

“Biz yanvarın 19-da geri qayıtmalı idik. O vaxt "Dinamo" İdman Cəmiyyətindən avtobuslar işləyirdi və Moskva aeroportunda reqistrasiyadan keçirdik. Bu zaman əl yüklərimizi reqistrasiydan keçirərkən hansısa problemin olduğunu dedilər və təyyarədə gözləməyimizi xaiş etdilər. Xeyli gözlədik və 4-5 təyyarə reysi artıq getmişdi. Biz Bakı ilə əlaqə yaratdıq və qohum-əqraba hamısı dediki Bakıya gəlməyin.Çünki burada kimi görürlərsə dərhal güllələyirlər. O zaman Moskvanın hansısa kanalı 20 Yanvar hadisələrini epizodlarla göstərirdi. Görüntülərə baxanda adamın ürəyi ağrıyırdı və çox dəhşətli kadrlar idi. Çünki hər kəsi öldürmüşdülər və əllərinə keçənləri də dağıtmışdılar. Biz "Dinamo" İdman Cəmiyyətində idik və gecəni yata bilmirdik. Sonra xəbər gəldi ki, Azərbaycanın Moskvadakı nümayəndəliyinin qarşısında xeyli insan toplaşıb və mitinqdir. Biz həmin yerə gəldik və avtobus saxlatdım ki, əgər kimsə getmək istəyirsə o da bizə qoşula bilər. Avtobus 60-70 faiz dolmuşdu. Burada bütün azərbaycanlılar yumruq kimi birləşmişdilər. Demək olar ki, Moskva yerindən tərpənmişdi.

Biz Azərbaycanın Moskvadakı nümayəndəliyinin qarşısına gəldik və orada Ümummilli Lider Heydər Əliyevin səsini eşitdik. Ulu Öndərin səsini eşidən zaman gözlərim doldu və çox pis oldum. Ümummilli Lider orada çox atəşli bir çıxış etdi. Hər kəs Ulu Öndərin cəsarətli çıxışına heyran qalmışdı. Mitinq keçirilən zaman hava çox soyuq və şaxtalı idi. Biz mitinq keçirə-keçirə Rusiya Müdafiə Nazirliyinin özünə kimi gəldik çıxdıq. Çox maraqlı idi ki, mitinqin əsas aparıcıları öndə gedən və əslən Gəncə şəhərindən olan rus zabitlərin yoldaşları idi. Onlar müraciət etdilər ki, biz Azərbaycanda yaşayırıq və orada bizə qarşı heç bir ayrı-seçkilik yoxdur. Çünki SSRİ o zaman dağılmamışdı. Bu qadınlar çox ağır bir ittihamlarla müraciət qəbul etdilər. Həmin müraciət orada olan polkovnikə təqdim olundu və biz geri qayıtdıq.

Biz yanvarın 21-dən 22-nə keçən gecə ilk reyslə Bakıya gəldik. Bakı Hava Limanına çatdığımız zaman gördük ki, burada rus əsgərləri əllərində silahlarla barikadalar qurublar. Heç bir marşurut işləmirdi. Birdə gördüm ki, mənim balaca qardaşım UAZ-469 maşınla bizi qarşılamağa gəlmişdi. Yolda az qalmışdılar ki, maşını bizim əlimizdən alsınlar. Amma bizi saxlamırdılar ona görə ki, maşının nömrəsi yox idi və rus əsgərlərinin də bütün avtomobilləri nömrəsiz idi. Rus əsgərləri nömrəsiz maşınlar sürməklə törətdikləri cinayətləri ört-basdır edirdi. Mən o zaman saray qəsəbəsində yaşayırdım. Evə gələndə gördüm ki, nə işıq var, nə də ki televizor var. 22 yanvar tarixində mən şəhərə gəldim. Şəhidlərin əksəriyyəti tanınmaz halda idi və onlar çox ağır şəraitdə dəfn edilirdi. Anaların göz yaşları insanın içini damğalayırdı. O günlər getsin, bir də gəlməsin”-deyə, B.Haqverdiyev fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə