Güclü və müstəqil Azərbaycan növbəti zəfərlərə doğru!

Prezident İlham Əliyev: "Azərbaycanda sabitliyin və inkişafın mənbəyi Azərbaycan xalqı, onun iradəsi və həyata keçirilən siyasətdir"

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin irəli sürdüyü fikirlərdən, ilk növbədə, belə qənaətə gəlmək olar ki, ötən ildə həyata keçirilən çoxşaxəli və məqsədyönlü siyasət, digər illərdə olduğu kimi, öz əhəmiyyətli uğurları ilə yadda qalıb. Belə ki, ölkə başçımız bu uğurların dünyanın bir çox yerlərində risklərin və təhlükələrin baş verdiyi bir zamanda, əldə edildiyini, xüsusilə, vurğulayıb. Məhz bu amili nəzərə alarsaq, bir daha əmin olarıq ki, Azərbaycanda mövcud olan sabitlik yeni-yeni uğurların əldə olunmasını təmin edir. SİTAT: "Dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, qarşıdurmaların geniş vüsət aldığı bir dövrdə Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi və həyata keçirilən siyasətdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına söykənir".

Lakin ölkəmizdə sabitliyin hökm sürməsi faktorunun da əsaslandığı daha bir mühüm amil var ki, bu, xalq-hakimiyyət vəhdətidir. Çünki bu birliyin və vəhdətin sayəsində Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə öz liderliyini və öncüllüyünü qazandığı nailiyyətləri ilə sübuta yetirməkdədir. Bu baxımdan, ölkə rəhbərimizin keçirdiyi iclasda "Xalq-iqtidar birliyi, həyata keçirilən siyasətə xalqın hərtərəfli dəstəyi Azərbaycanın əldə etdiyi uğurların əsas şərtidir" tezisi qeyd olunan fikirləri tam olaraq əhatə etməkdədir.

2017-ci iqtisadi islahatlar ilində Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə olunub

Bu arada daha bir vacib məqama toxunmaq olar ki, bu məqam dünyanın bir sıra aparıcı maliyyə qurumlarının respublikamızda gedən inkişaf və tərəqqi reallığına verdikləri qiymətdir. Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunan dövlət rəhbərimiz də, qeyd edib ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verir. Bu fakt özünü statistik rəqəmlərdə də göstərməkdədir. Belə ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə, 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Eyni zamanda, 2017-ci ildə Azərbaycanda qeyri-neft sektoru 2,5 faiz, sənaye 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb.

Ötən ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq, 42 milyard dollar təşkil edib və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə, Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.

2017-ci ildə Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu isə, həm də onu göstərir ki, həm yerli və həm də xarici investorlar Azərbaycana vəsait qoymaqda maraqlıdırlar. Bu baxımdan, Azərbaycanın sabit ölkə olaraq qiymətləndirilməsi reallığı növbəti dəfə öz təsdiqini tapır. Çünki sabit olan və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ölkəmizdə olan mühit isə bütün bu kimi standartlara cavab verməkdədir.

Beləliklə, ötən 2017-ci ildə ixrac 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artıb, 2017-ci ildə 2016-cı ilə nisbətən Azərbaycanı 500 min turist ziyarət edib, 2017-ci ildə Azərbaycanın ticarət balansının müsbət saldosu 6,2 milyard dollar təşkil edib və ötən il 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimidir. Həmçinin, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Bu isə dünya miqyasında ən yaxşı nəticələrdən biridir.

2017-ci ildə Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib

Ölkə başçımız hər il olduğu kimi, ötən il də regionlarımıza səfərlər edərək, müxtəlif mühüm tədbir və açılışlarda iştirak edib. Bu, həm də Onun xalqla yaxın təmasda olmasının, hər zaman xalqın maraqlarını ifadə etməsinin bariz göstəricisi olaraq dəyərləndirilir. Prezident İlham Əliyev 2017-ci ildə 30-dan çox rayona səfər edib, yeni müəssisələrin açılışında, təməlqoyma mərasimlərində iştirakçısı olub, bölgələrdə gedən vəziyyətlə əyani şəkildə tanış olaraq, müvafiq tapşırıq və tövsiyələr verib, habelə, qanunvericilik aktları imzalayıb.

Ümumiyyətlə, ölkə başçımızın tapşırıqları əsasında keçən il infrastruktur layihələrinin icrası uğurla davam etdirilib, bu məqsədlər üçün böyük vəsait ayrılıb. Əlbəttə ki, bütün bu kimi mühüm işlərin nəticəsində növbəti nailiyyətlər qeydə alınıb. Misal üçün, elektrik təchizatı yaxşılaşdırılılıb, yeni yarımstansiyalar işə düşüb, qazlaşdırma 93 faizə çatıb, 100 min hektardan çox sahə suvarılmağa başlanıb, 1300 kilometr avtomobil yolu, o cümlədən, beş yüzdən çox kəndə yeni yol salınıb, içməli su layihələri uğurla icra edilib.

O cümlədən, sosial infrastrukturla bağlı çox ciddi addımlar atılıb - 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb, otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib, iki Olimpiya İdman Kompleksi istifadəyə verilib.

Prezident İlham Əliyev demək olar ki, bütün çıxışlarında Azərbaycanda aparılan siyasətin sosial siyasət olduğunu vurğulayıb. Məhz bunun da nəticəsidir ki, ölkəmizdə 116 min ailə, 400 mindən artıq insan ünvanlı sosial yardım alır, orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Söz yox ki, bu həyata keçirilən uğurlu sosial siyasətin aşkar təzahürüdür.

Onu da qeyd edək ki, 2017-ci ildə 2300 qaçqın və məcburi köçkün ailəsi, 12 min insan yeni evlərə və mənzillərə köçürülüb. Eləcə də, düşməndən azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində mühüm tədbirlər reallaşdırılıb. Prezident İlham Əliyev bununla bağlı bildirib ki, Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, yeni salınmış 150 evdən ibarət gözəl qəsəbədə yeni həyatı başlayıb: "Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə qısa müddət ərzində, bütün təmir-bərpa işləri aparılacaq, şəhərlər, kəndlər yenidən qurulacaq və bu gün dağılmış vəziyyətdə olan şəhər və kəndlərə tezliklə həyat qayıdacaq".

2017-ci ildə energetika və nəqliyyat sahəsində tarixi hadisələr baş verib

Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli siyasəti nəticəsində, Azərbaycanda energetika və nəqliyyat sahəsində də möhtəşəm uğurlara imza atılıb. Nazirlər Kabinetinin iclasındakı çıxışında ölkə rəhbərimiz bu istiqamətdə görülən işlər barədə fikirlərini bildirərkən, qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması imkan verəcək ki, bundan sonra uzun illər ərzində hasilat səviyyəsinin sabit qalmasına imkan verəcək. O cümlədən:

1. Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulacaq;

2.İnvestisiyalar iqtisadiyyatın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yerli müəssisələrin yaradılmasına təkan verəcək;

3.Azərbaycanın iqtisadi inkişafının planlaşdırılmasına və neft amilindən asılılığın daha da azaldılmasına şərait yaradacaq;

4.Kontraktların uzadılması SOCAR-ın payının 11 faizdən 25 faizə artmasına, mənfəət neftinin 75 faizinin Azərbaycana qalmasına səbəb olub;

5.Azərbaycan 3,6 milyard dollar bonus qazanacaq.

6."Cənub Qaz Dəhlizi"nin uğurlu icrası təmin edilmişdir:

7."Şahdəniz-2" layihəsinin icrası 99 faizə çatmışdır;

8.Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilmişdir;

9.TANAP layihəsinin icrası 90 faiz təşkil edir;

10.TAP layihəsinin icrası 60-62 faiz səviyyəsindədir.

Beləliklə, fakt budur ki, energetika sahəsində bu iki önəmli layihə Azərbaycanın bundan sonra da uğurlu inkişafını təmin edəcək. Həmçinin, transmilli nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, nəinki Azərbayacan, bölgə üçün, dünya üçün önəmli hadisə olub və əlbəttə ki, bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirməkdədir. Eyni zamanda, Azərbaycan "Şimal-Cənub Nəqliyyat Dəhlizi"nin icrası istiqamətində üzərinə düşən vəzifələri də uğurla icra edib.

Azərbaycan dünyada həm islam həmrəyliyinin gücləndirilməsi, həm də multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir

Ötən il daha bir möhtəşəm tarixlə - Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları ilə yaddaşlara həkk olundu. Beləliklə, hesab etmək olar ki, Azərbaycanın siyasi, diplomatik, iqtisadi uğurlar məcrasında idman sahəsində də həmin nailiyyətləri qazanıb və zəfərlər sırasına daxil edib. Prezident İlham Əliyev bubunla bağlı qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları dünyada islam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır Azərbaycanın niyyətinin və siyasətinin göstəricisidir: "2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi islam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olmuşdur. 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi göstərir ki, Azərbaycan xalqı öz tarixi və dini köklərinə bağlıdır. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan dünya miqyasında həm islam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir".

Dağlıq Qarabağ probleminin həlli ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür

Azərbaycan xalqının bir nömrəli problemi olaraq vurğulanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi barədə mühüm fikirlər önə sürən Prezident İlham Əliyev xatırladıb ki, dövlətimizin bu istiqamətdəki mövqeyi ədalətli, beynəlxalq hüquqa əsaslanan və beynəlxalq dəstək qazanan mövqedir. Belə ki, beynəlxalq aləm Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilmiş qanunsuz "referendum"u tanınmayıb və Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını nümayiş etdirib. 2017-ci ilin sonunda Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Zirvəsində qəbul edilmiş Bəyannamədə "Şərq tərəfdaşlığı"na üzv olan ölkələrin ərazi bütövlüyü və suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənib.

Ölkə başçımız vurğulayıb ki, aprel hadisələrindən sonar müxtəlif şərtlər irəli sürən Ermənistan heç bir şərt olmadan danışıqlar masası arxasına oturmağa məcbur olub. "Dünya miqyasında güclü ordular sırasında olan Azərbaycan Silahlı Qüvvələri öz hərbi gücünü daha da artırmışdır. Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır"-deyə dövlət başçımız bildirib.

2018-ci ildə qarşıda duran vəzifələr uğurla icra olunacaq

Söz yox ki, əldə edilən uğurların 2018-ci ildə də əldə ediləcəyinə kimsə şübhə edə bilməz. Bu barədə çıxış edən Prezident İlham Əliyev Cənabları da vurğulayıb ki, 2017-ci ildə iqtisadi sahədə müşahidə olunan meyillər 2018-ci ildə daha da güclənəcək və daha böyük uğurlar əldə olunacaq. Bunun üçün isə, bir sıra nəhəng potensiallar mövcuddur. "Neft Fondunun gəlirlərinin artırılması ölkə qarşısında duran önəmli layihələrin icrasına imkan verəcək və Azərbaycanın iqtisadi dayanıqlılığını təmin edəcək"-deyə qeyd edən ölkə rəhbərimiz, onu da xatırladıb ki, Azərbaycan xarici borcun səviyyəsinə görə, müsbət mənada, dünyada qabaqcıl ölkələrdən biridir. SİTAT: "Xarici borcun səviyyəsi aşağı düşməlidir. İqtisadi gücün artması Azərbaycanın müstəqil siyasətini davam etdirməyə, siyasi çəkisini artırmağa və uzunmüddətli inkişaf strategiyasını uğurla reallaşdırmağa imkan verir.

2018-ci ildə Azərbaycan iqtisadiiyatına 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Sahibkarlığın inkişafına dəsətk, yeni iş yerlərinin və istehsal müəssisələrinin yaradılması davamlı xarakter daşıyacaq.

İqtisadi sahəyə, sənaye potensialının, kənd təsərrüfatının inkişafına göstərilən dəstək və əldə edilən nəticələr, deməyə əsas verir ki, yeni iş yerlərinin yaradılması prosesi 2018-ci ildı də sürətlə gedəcək. Özünüməşğulluq proqramı üçün ayrılmış 35 milyon manat vəsait 7 min ailənin büdcəsinə böyük dəstək olacaq. 2018-ci ildə 20 min köçkün yeni evlərə və mənzillərə köçürüləcək. Sosial infrastruktur layihələrinin icrası istiqamətində bölgələrdə modul tipli 137 məktəb tikiləcək, altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək, dörd Olimpiya İdman Kompleksinin tikintisi nəzərdə tutulur, Sənaye Parklarının yaradılması istiqamətində praktiki addımlar atılır".

Belə ki, Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında işlər uğurla gedir. 2017-ci ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu.

"Beləliklə, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq"-deyə vurğulayan Prezident İlham Əliyev qarşıda duran planlar barədə də danışıb və bildirib ki, 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır.

Həmçinin, qeyd olunub ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə, taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək. İdxaldan asılılıq azalacaq, ixracyönümlü məhsulların həcmi artacaq.

Pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə həyata keçirilən tədbirlər davam etdiriləcək.Yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulub. 2018-ci ildə daha il üç "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq və mərkəzlərin sayı 15-ə çatacaq. Bir ildən sonra "ASAN xidmət" mərkəzlərinin sayı 20-yə çatdırılacaq.

O da vurğulanıb ki, "ASAN xidmət" ictimai xidmət sahəsində çox ciddi dönüş yaradıb. Eləcə də, turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək. Belə ki, 2016-cı ildə xarici turistlərin gəlişi 24 faiz artıb, keçən il isə əlavə daha 20 faiz artım olub və rekord səviyyəyə çatıb. Ümumilikdə isə, 2017-ci ildə Azərbaycana 2,7 milyon xarici vətəndaş gəlib: "Azərbaycanda turizmin inkişafının səbəbləri mpvcud sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələr və turizm sahəsinə göstərilən dövlət dəstəyidir. Həmçinin, beynəlxalq tədbirlər turistləri Azərbaycana cəlb edir".

Dövlət rəhbərimiz bildirib ki, 2018-ci ildə Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması ilə Azərbaycan Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacağını bildirib, həmçinin, 2018-ci ilin Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün çox önəmli il olacağını deyib. Belə ki, BTQ artıq Avrasiyanın nəqliyyat xəritəsini təzələyib.

"Şimal-Cənub Nəqliyyat Dəhlizi" layihəsinin icrası Azərbaycanda dəmir yolunun sürətinin artırılmasını tələb edir. Bu məqsədlə Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması, təmiri ilə bağlı işlər görüləcək. Ləki-Qəbələ dəmir yolu tikiləcək. "Şahdağ" xizək kurortuna da dəmir yolunun çəkilişi planlaşdırılır"-deyə qeyd edən Prezident, eləcə də, vurğulayıb ki, yeni yolların çəkilməsi, qazlaşdırma, suvarma və digər istiqamətlər üzrə işlər davam etdiriləcək.

2018-ci ili Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli"dir

Dövlət başçımız 2018-ci ilin Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli" olduğnu bəyan edib və xatırladıb ki, yüz il əvvəl müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda yaradılıb. SİTAT: "Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl, ən ülvi demokratik dəyərləri, nəinki bəyan, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır. İndiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz".

Beləliklə, ötən 2017-ci ilin yekunlarına və qarşıdakı duran vəzifələrə həsr olunmuş iclasda, bir daha sübut olundu ki, müstəqil və demokratik Azərbaycan Respublikası Prezident İlham Əliyevin qətiyyətli, müdrik və məqsədyönlü siyasəti nəticəsində, növbəti uğurlu ilə qədəm qoyub və əldə ediləcək hər bir nailiyyət ölkəmiz və xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına, eyni zamanda, digər əhəmiyyətli faktorlara əsaslanacaq. Bu isə, ilk növbədə, Azərbaycan xalqının öz ölkə rəhbərinin ətrafında daha da sıx birləşməsinin bariz təzahürdür!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə