Ağdaş meşəsində 260 çətənə kolu aşkarlanıb

Ağdaş rayonunun Ağzıbir kəndi ərazisindəki meşə zolağında kənd sakininin kultivasiya yolu ilə çətənə kolları yetişdirməsi barədə rayon polis şöbəsinə (RPŞ) əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, RPŞ rəhbərliyinin başçılığı ilə yaradılan əməliyyat qrupu məlumatın yoxlanılması məqsədilə həmin ərazini ətraflı müayinə edib, müvafiq araşdırmalar aparıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində meşə zolağında kollarla əhatələnmiş ərazidə çətənə kollarının yetişdirildiyi və yenicə sulanmış sahə aşkarlanıb. Ərazi diqqət çəkməməsi üçün hərtərəfli hündür kollar və bitkilərlə örtülərək gizlədilib.

Polis əməkdaşları tərəfindən çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən kənd sakini Cabir Şahmuradov saxlanılıb. Onun iştirakı ilə əraziyə baxış keçirilərkən ümumi çəkisi 423 kiloqram olan 260 çətənə kolu aşkarlanaraq götürülüb.

C.Şahmuradov kollarla maskaladığı sahəyə düzəltdiyi nəzərəçarpmaz dar keçiddən sürünərək keçdiyini, hər dəfə özü ilə plastmas qablarda su gətirərək çətənə kollarını sulayıb qulluq etdiyini etiraf edib. Faktla əlaqədar Ağdaş RPŞ-də cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə