İlk dərslər Xocalı soyqırımına həsr ediləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək. Bu barədə SİA-ya Təhsil İdarəsindən məlumat verilib.

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.

Dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açacaqlar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikası və soyqırımı törədənlərdən bəhs edəcəklər.

Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...