Azərbaycanda nəzərəçarpan nailiyyətlər əldə edilib

Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində sosial təminat sisteminin gücləndirilməsi, əmək resurslarının səmərəli məşğulluğunun təmin olunması və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi istiqamətində atılan addımlar mötəbər beynəlxalq qurumlar tərəfindən də maraqla izlənilərək müsbət dəyərləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, bunun növbəti nümunəsi kimi, Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyətinin 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün Azərbaycan Respublikasına səfərinin yekunlarına dair həmin işçi heyətin rəhbəri Məhəmməd əl-Qorçinin mətbuata bəyanatında ölkəmizlə bağlı “Missiya hökumətin struktur islahatları gündəliyinin icrasında əldə etdiyi nailiyyətləri təqdir edir. Sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir” deyə vurğulanır.

Qeyd edək ki, M.Qorçinin başçılıq etdiyi BVF işçi heyətinin 30 noyabr - 14 dekabr tarixlərində ölkəmizə səfəri çərçivəsində işçi heyəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də görüş keçirilib. Görüş zamanı ölkəmizdə sosial təminat sisteminin, o cümlədən sığorta-pensiya sisteminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, sosial müdafiə siyasətinin aktiv əmək bazarı proqramları əsasında inkişafına yönələn tədbirlər, o cümlədən aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidinə yönələn özünüməşğulluq proqramı, həmçinin yeni qəbul olunan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu barədə ətraflı məlumatlar verilib. 2018-ci ilin əvvəlindən bu qanunun tətbiqi ilə əlaqədar formalaşacaq İşsizlikdən Sığorta Fondunun ölkədə aktiv əmək bazarı proqramlarının genişləndirilməsində əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb.

M.Qorçi bildirib ki, işsizlərə müavinətlərin verilməsi üçün yaradılan yeni sığorta fondu, pensiyalarla bağlı həyata keçirilən islahatlar, fəal əmək bazarı proqramlarına keçid Azərbaycanda sosial müdafiə sahəsində və əmək bazarında müsbət irəliləyişlərə səbəb olub. O vurğulayıb ki, ölkədə fəal makroiqtisadi siyasət və daha üstün neft qiymətləri sayəsində iqtisadiyyat 2017-ci ildə stabilləşib: “Qeyri-neft iqtisadiyyatı əsasən xidmət və kənd təsərrüfatı sektorlarının canlanması nəticəsində artmağa başladı”.

Yaxın gələcək üzrə ölkəmizdə iqtisadi artım perspektivinin müsbət olduğu da qeyd olunub. Bildirilib ki, 2018-ci ildə dövlət investisiya xərclərinin və sosial xərclərin artdığı şəraitdə qeyri-neft sektorunun 4% yüksəlməsi gözlənilir. Ümumilikdə 2018-ci il üzrə Azərbaycanda iqtisadi artımın 2% səviyyəsində proqnozlaşdırıldığı diqqətə çatdırılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə