Komitə sədri türkiyəli iş adamlarına çağırış etdi

"Bu gün Azərbaycan aktiv şəkildə qeyri-neft sektorunun inkişafına investisiya yönəldir. Qanunvericiliyə edilən dəyişikliklər Azərbaycanla Türkiyə arasında mövcud olan ticarət dövriyyəsinin həcmini artırmağa imkan verir. Biz türkiyəli iş adamlarını Azərbaycan iqtisadiyyatına daha aktiv şəkildə investisiya yatırmağa çağırırıq". SİA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev türkiyəli iş adamları ilə keçirilən görüşdə deyib.

O bildirib ki, hələlik iki ölkə arasında iqtisadi əlaqələr daha çox ticarət və xidmət sahələrində cəmləşib: "Lakin biz bu əlaqələrin daha da genişlənməsini istərdik. Ticarət ikinci mərhələdir. Bundan öncə biz emal haqqında düşünməliyik. Yalnız bundan sonra ticarət barədə düşünə bilərik".

Azərbaycanda istehsal olunan məhsullara MDB ölkələrində böyük tələbatın olduğunu deyən A. Əliyev qeyd edib ki, bu məhsulların ixracı zamanı güzəşt tətbiq olunur: "Bu amil birgə müəssisələrin yaradılmasında maraqlı olan türkiyəli iş adamlarına müəyyən üstünlük verə bilər. Azərbaycanda biznes üçün əlverişli mühit yaradılıb. İnanıram ki, qarşılıqlı investisiyalar hesabına hər iki ölkənin iqtisadi artımı davamlı olacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə