İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb

İyunun 20-də Romanın "Villa Borghese" parkındakı tarixi "Casa del Cinema" kino evinin "Teatro all’aperto Ettore Scola" açıq səma altında teatrında keçirilən rəsmi açılışı və "Arşın mal alan" filminin nümayişi ilə başlayan İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb. Festivalın ikinci günü Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan "Son iclas" bədii-sənədli filminin nümayişi ilə başlayıb. Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Romanın Sapienza Universitetinin dosenti, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə bir sıra kitabların, o cümlədən ötən ay təqdim olunmuş "Azərbaycanın beynəlxalq tarixi (1919-1920)" adlı kitabın müəllifi Danile Pommier Vinçelli və həmin universitetin professoru, türkoloq Fabio Qrassi müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu qısa müddət ərzində bu il 100 illiyi qeyd olunan Azərbaycanın diplomatik xidmətinin yaranması da daxil olmaqla, ölkəmizin dövlətçilik tarixinə, sosial-siyasi həyatına gətirdiyi yeniliklər, Cümhuriyyətin süqutunu şərtləndirən səbəblər, respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi yol və əldə etdiyi nailiyyətlər barədə danışıblar. "Son iclas" bədii-sənədli filmi barədə məlumat verən natiqlər bu ekran əsərinin Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq saldığı və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirdiyini, İtaliya tamaşaçısının Azərbaycan tarixinin bu vacib dövrü barədə məlumatlandırılması üçün əhəmiyyətini bildiriblər. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, "Casa del Cinema", "Zetema", "RAI Cinema" kimi qurumların təşkilatçılığı ilə keçirilən və media tərəfdaşları "Askanews" xəbər agentliyi, AZƏRTAC, AzTV, və "AzerbaijanNews" xəbər portalı olan festivalın ikinci günü, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal edilən, ssenari müəllifləri İlham Nəcəf və Asif Rüstəmov, rejissoru İlham Nəcəf olan "Nar Bağı" filmi də nümayiş etdirilib. Festivalın sonuncu – üçüncü günü quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa olan "Üçüncü günün adamı" bədii filminin nümayişi ilə başlayıb. "Üçüncü günün adamı" filminin nümayişindən əvvəl həmin ekran əsərinin süjet xəttinə uyğun olaraq səfir Məmməd Əhmədzadə italyan tədqiqatçı-jurnalist, "İtaliyadan Azərbaycana baxış" kitabının müəllifi Domeniko Letizia ilə birgə Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin acı taleyi, öz evlərinə qayıtmaq kimi fundamental hüquqlarının pozulması barədə danışıblar. D.Letizia Azərbaycana səfəri zamanı məcburi köçkün ailələri ilə görüşdüyünü xatırladıb, onların öz doğma torpaqlarına qayıda və ailə üzvlərinin məzarlarını ziyarət edə biləcəkləri günü səbirsizliklə gözlədiklərini bildirib. Festival yazıçı Anarın "Beşmərtəbəli binanın altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılmış, quruluşçu rejissoru Rasim Ocaqov, baş rolların ifaçıları Fəxrəddin Manafov və Meral Konrat olan "Təhminə" filminin nümayişi ilə yekunlaşıb. Festival İtaliya mətbuatının böyük marağına səbəb olub və İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrindı, o cümlədən qəzet, xəbər agentlikləri və portallarda tədbirlə bağlı yazılar dərc olunub. Festival "Casa del Cinema" kino evinin rəsmi internet və sosial şəbəkə səhifələri, eyni zamanda, xüsusi yaradılmış https://www.facebook.com/cinemaazerbaigiano/ "Facebook" səhifəsi üzərindən də fəal təbliğ olunub. Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ etmək, həmçinin yerli ictimaiyyəti ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə filmlərimiz vasitəsilə tanış etmək məqsədilə təşkil olunmuş festival böyük marağa səbəb olub. Festivalın Roma şəhərinin məşhur yay axşamları təqviminə daxil edilməsi, filmlərin açıq səma altında nümayiş etdirilməsi və ictimaiyyətə açıq olması şəhər sakinlərinin və turistlərin diqqətini xüsusilə cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə