Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri İsmayıllı şəhərində təşkil olunub. 14 iddiaçı ilə davam edən layihənin növbəti yayımında görkəmli mütəfəkkir şair İmadəddin Nəsiminin ölməz irsinə müraciət edilib.

Müsabiqənin növbəti axşamında Nəsimi poeziyasına bir daha qovuşmaq üçün onun Azərbaycan radiosunun “Qızıl fondu”nda qorunan görkəmli sənətkar Səməndər Rzayevin ifasında dinlənilən qəzəli musiqili gecəyə xüsusi ovqat bəxş edib. Dinləmələr zamanı muğamları və xalq mahnılarını ürəkaçan ifasında daim dinləyicilərə sevdirmiş unudulmaz xanəndə Vahid Abdullayevin sənəti də xatırlanıb. Onun Azərbaycan Televiziyasının “Qızıl fondu”nda saxlanılan gözəl ifası təqdim edilib. Sonra rayon mədəniyyət mərkəzinin səhnəsi bir-birindən istedadlı gənc xanəndələrin ixtiyarına verilib. Onların ifası münsiflər heyəti tərəfindən 10 bal sistem üzrə qiymətləndirilib. Layihənin İsmayıllıda təşkil olunan növbəti axşamında Özbəkistanın “Altın miras” ansamblının çıxışı isə gecəyə xüsusi rəng qatıb. İki ildən bir keçirilən Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri AzTV və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə