Görkəmli akademikin xatirəsi əbədiləşdirilir

Akademik, görkəmli Azərbaycan alimi, Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələr nəzərə alınaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşadakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində aprelin 24-də Y.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılışı mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Y.Məmmədəliyevə həsr olunan film nümayişi ediləcək. Eyni zamanda, görkəmli alimin həyat və yaradıcılığını əks etdirən bukletlər, akademikin müəllifi olduğu “Polşa alimlərinin dünyada neft kimyası elminin inkişafına verdiyi töhfə” adlı kitabçalar tədbir iştirakçılarına paylanılacaq.

Mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, müəllim-professor və tələbə heyəti, habelə Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun əməkdaşları da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə