VII Muğam Müsabiqəsinin seçim turu yekunlaşıb

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin bölgələr üzrə aparılan seçim turu başa çatıb. SİA-nın məlumatına görə, bu barədə müsabiqənin münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov məlumat verib: "Seçim turları Bərdə, Şəki, Gəncə və İsmayıllı rayonlarında təşkil olunmuşdur. Turlara 400-dək iştirakçı qatılıb. Dörd bölgə üzrə 30 nəfər ikinci tura vəsiqə qazanıb. Bakıda keçiriləcək seçim turları isə fevralın 11-dək davam edəcək".

Xalq artisti Mələkxanım Əyyubova ilk dəfə münsiflər heyətinin tərkibində seçim turlarını izlədiyini bildirib: “Bərdə, Şəki, Gəncə və İsmayıllıda baş tutan seçim turlarında ətraf rayon və şəhərlərin istedadlı gəncləri də iştirak edirdi. Səbir, təmkin və diqqətlə bütün iştirakçıları dinlədik. Seçim turları açıq və tam şəffaf şəkildə keçirildi. Muğam ifaçılığı göz qarşısında olan sənətdir. Hamı dinləyirdi və fikrini bildirirdi. Müsabiqə dövlətimizin adına layiqli bir tədbir, eyni zamanda, bizlər üçün şərəfli bir iş və məsuliyyətdir”.

Qeyd edək ki Bakıda seçim turu Beynəlxalq Muğam Mərkəzində keçiriləcək və bununla müsabiqə iştirakçılarının müəyyənləşdirilməsi prosesi başa çatacaq. Ənənəvi olaraq Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə Novruz bayramı ərəfəsində başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə