Bakıda Xalq rəssamı Arif Əzizin 75 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, “Şöhrət” ordenli Arif Əzizin və tələbələrinin “Maestro end Artists” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə onun və 100-ə yaxın tələbəsinin əsəri nümayiş edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Arif Əzizin həyat və fəaliyyətindən söz açıb. Bildirib ki, o, 1971-ci ildən bu günədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Arif Əziz 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsinə böyük əmək sərf edib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev müasir Azərbaycan incəsənətində Arif Əzizin yaradıcılığının xüsusi, müstəsna yeri olduğunu deyib: “Ötən əsrin 70-ci illərindən başlayaraq Arif Əziz, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. İlk bədii təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində alıb, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində “Qrafik dizayn” ixtisası üzrə davam etdirib. Uzun yaradıcılıq yolu keçən Arif Əziz zəhmət və istedadı nəticəsində çox böyük uğurlara imza atıb. Bugünkü sərgi rəssamın keçdiyi yola nəzər salır və onun ötən illər ərzində yaratdığı bənzərsiz sənət əsərlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir”.

Bildirilib ki, Arif Əziz fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına və bədii eksperimentlərə meyliliyi, zamanın və məkanın təsirindən səmərəli istifadəsi, fəaliyyətinin istər manera, istər texniki aspektdə, çoxsahəliliyi və ən əsası, sonsuz dinamikası, çevikliyi və müasirliyi mütləq tərzdə onun sənətinin və şəxsiyyətinin aktuallığını müəyyən edir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclislin deputatı Fəttah Heydərov ölkəmizdə sənət adamlarına göstərilən diqqət və qayğıdan danışıb. Bu gün Azərbaycanın yaradıcı adamlarının dünyanın ən nüfuzlu salonlarında çıxış etdiyini, sərgilər açdığını söyləyib.

Arif Əzizin yaradıcılığını yüksək qiymətləndirən Fəttah Heydərov onun uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğunu və yüzlərlə gəncə sənətin sirlərini öyrətdiyini söyləyib.

Tədbirdə Xalq rəssamı Səlhab Məmmədov, “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova və başqaları çıxış edərək rəssama ən xoş arzularını çatdırıblar.

Rəssama “Dədə Qorqud” Milli Fondunun medalı təqdim olunub.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Arif Əziz əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib və bundan sonra da Azərbaycan incəsənətinin inkişafı naminə əzmlə çalışacağını söyləyib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Arif Azizin 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırkı ekspozisiyanı üslub və janr əlvanlığından asılı olmayaraq xarakterizə edən əsas, prinsipial amil rəssamın bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdir. Konseptual sərgi silsiləsini davam edən “Maestro end Artists” qrup sərgisi, rəssamın yubileyi çərçivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətli bir layihədir. Müasir incəsənətimizin yeni formatlı sərgisində rəssam-maestro öz tələbələrinin əhatəsində təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə