Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb.

SİA-nın məlumatına görə, “Əzəli dostluq riştələri” adlı sənədli ekran əsərində Avesta, xalq yaradıcılığımizin mərdlik və qəhrəmanlıq rəmzi olan Kitabı Dədə Qorqud, özbək xalqının min illərdən bəri cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Cəlaləddin Manguberdi, Azərbaycan xalqının Babək, Koroğlu, Əmir Teymur, Babur, Şah İsmayıl Xətai kimi xalq qəhrəmanları, onların obrazlarının oxşarlığı, xalqlarımızın yetirmələri, oxşar adət və ənənələr, el şənlikləri, mədəni irsimiz geniş işıqlandırılır.

Türk dil qrupuna aid olan Azərbaycan və Özbək xalqlarının mədəni irsi, tarixən yaxınlığı ilə seçilən xalqlarımızın yaratdığı əsərlər, tanınmış elm, ədəbiyyat xadimləri haqqında məlumatlar filmdə öz əksini tapıb.

Özbək dilində hazırlanmış bu ekran əsərində tariximizin, mədəniyyətimizin ən şanlı səhifələri, iki xalq arasında dostluq əlaqələrinin yaranması, qədim, orta əsrlər və hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, müstəqillik illərində isə dostluğumuzun möhkəmlənməsində, strateji partnyorluq səviyyəsinə çatdırılmasında ulu öndər Heydər Əliyevin, Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfərləri, Daşkənddə Heydər Əliyev küçəsində ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin heykəllərinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair keçirilən tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.

Sənədli filmdə tarixə nəzər salınır, XX əsrin 70-ci illərində Azərbaycanda Özbək, Özbəkistanda Azərbaycan mədəniyyət dekadalarının, günlərinin, Azərbaycan və Özbəkistanın tanınmış simalarının, mədəniyyət, ədəbiyyat xadimlərinin, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət günlərinin açılışında iştirakına dair nadir kadrlar öz əksini tapıb.

Sənədli filmdə Özbəkistanda yaşamış tanınmış azərbaycanlılar, onların Özbəkistanın ictimai-mədəni həyatında rolu və verdiyi töhvələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.

Filmin ssenari müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rejissoru Eldar Məmmədovdur.

“Əzəli dostluq riştələri adlı sənədli filmin artıq Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində təqdimatı keçirilmiş və film Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə disk formasında hazırlanmışdır. Mədəniyyət Mərkəzindən verilən məlumata görə sənədli filmin diski Özbəkistanın aparıcı telekanallarına, habelə kitabxanalarına, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan ocaqlarına hədiyyə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB